EN

Azərbaycan sevdalısı Bernd Ştange 

style='margin-bottom:10px;'>

Almaniyalı tanınmış futbol adamı Bernd Ştange növbəti dəfə Bakıya gəlir. Adı, soyadı doğulduğu Almaniyanın sərhədlərini çoxdan aşan bu məşhur insan ölkəmizdə keçirilməsi planlaşdırılan Alman-Azərbaycan Cəmiyyətinin yubileyi ilə bağlı düzənlənəcək silsilə tədbirlərin fəxri qonağı kimi dəvətlidir. Bernd Ştangenin Azərbaycana səfər öncəsi təəssüratlarımı futbol ictimaiyyəti ilə bölüşmək istədim. 

Onun Bakıya ilk səfəri 1997-ci ildə gerçəkləşdi. Almaniya Xarici İşlər Nazirliyinin Azərbaycana gələn nümayəndə heyətinin tərkibində Ştange də var idi. Azərbaycan Respublikasının o zamankı Prezidenti, mərhum Heydər Əliyev tərəfindən qəbul olunan nümayəndə heyəti iki ölkə arasında elm, təhsil, mədəniyyət və idman əlaqələrinin inkişafını müzakirə etdilər. Rəsmi qəbulun ertəsi günü Bernd Ştange Azərbaycanın Olimpiya futbol yığmasının bazasını ziyarət etdi, baş məşqçi Ruslan Abdullayevlə görüşdü, qiymətli tövsiyələrini verdi. Görüşə əlidolu gələn qonaq tədbirin sonunda Olimpiya futbol yığmamıza futbol topları və tədris vəsaitləri də hədiyyə etdi. 

Rəhbərlik etdiyim Alman-Azərbaycan Cəmiyyəti Bernd Ştange kimi məşhur insanın Bakıya səfərinə biganə yanaşa bilməzdi, ona görə də alman qonağın proqramına təşkilatın ofisində Ələkbər Məmmədov, Anatoli Banişevski və Rüstəm Rəhimovla görüşü də daxil etmişdik. Həmin görüşdə Azərbaycanın əfsanəvi futbolçuları Ələkbər Məmmədov və Anatoli Banişevski və tanınmış futbol hakimi Rüstəm Rəhimovla çox səmimi ortamda, maraqlı söhbətlərini unutmaq mümkün deyil. Necə deyərlər, görüşdəki söhbətin səsi bir neçə ay sonra çıxdı... 

İyun ayında B.Ştangenin dəvəti ilə “Neftçi”nin veteran futbolçulardan ibarət komandasının Almaniyaya səfəri gerçəkləşdi. Ələkbər Məmmədovun rəhbərliyi ilə Almaniyaya gedən nümayəndə heyətində Tofiq Bəhramov adına Respublika Stadionunun o zamankı direktoru Eyvaz Qurbanov da var idi. 

Volframs-Eşenbax şəhərində ilk yoldaşlıq oyununu keçirən futbol veteranlarımız ertəsi gün Nürnberq şəhər stadionunda Bundesliqaya vəsiqə qazanan komandanı salamladılar, gənc futbolçulara uğur arzuladılar. Stadionda fəxri qonaq kimi qarşılanan əfsanəvi futbolçu Ələkbər Məmmədov Almaniyanın populyar “Kicker” jurnalına geniş müsahibə verdi.

Onu da qeyd etmək yerinə düşər ki, 2006-cı ildə Dünya Çempionatını qəbul edən Nürnberq şəhər stadionun üstdən görünüşü səkkiz guşədən ibarətdir. Azərbaycanlı futbolçu Mahir Emrelinin son bir neçə aya qədər səkkizgüşəli stadionda futbol oynamasının da bir rəmzi mənası var yəqin... 

İnanmaq istərdik ki, bu stadion Mahirə düşərli olacaq və o, karyerasını uzun müddət Avropada davam etdirəcək. Bu baxımdan ölkəmizin müstəqillik dövrünün futbol tarixində iz qoyan Vəli Qasımovdan sonra Avropada birinci beşlik ölkələrinin çempionatlarında yenidən azərbaycanlı futbolçunun uğur qazanmasına ehtiyacımız var...

“Nürnberq”lə bağlı onu da əlavə edim ki, bu klub məhz Ştangenin keçmiş köməkçisi Hans Mayerin rəhbərliyi ilə 2007-ci ildə Almaniya Kubokunu qazana bilmişdi. 

Bakılı veteran futbolçuların Almaniyaya səfərinin ertəsi günü Yena şəhərində maraqlı an yaşandı. Dostluq görüşünün ardından axşam konsert proqramı təşkil edilmişdi. Konsert zamanı məşhur “Neftçi”li Valeri Hacıyev rəqsə dəvət etdiyi xanımla gözəl bir rəqs elədi, sonda da qolundakı saatı həmin alman xanıma bağışladı. Qafqazlı hər yaşda qafqazlı səxavətini göstərməlidir...

Yerli insanlar “Neftçi”nin veteran futbolçuları ilə yaxından maraqlanırdılar. Hətta yaşlı alman futbol həvəskarı özü ilə SSRİ yığmasının əksi olan şəkil də gətirmişdi. Tez-tez barmağını Anatoli Banişevskinin şəkilinin üzərinə qoyub “O hardadır? Niyə gəlməyib?” - deyə sual verirdi.

Həmin yadda qalan səfərin sonuncu görüşü Essen şəhərində keçirildi. Veteranlarımız “Rot Vais” klubundakı yaşıdları ilə dostluq matçına çıxdılar. Tribunalarda yer alan çoxsaylı soydaşlarımızın alqışları veteran futbolçularımızı daha da ruhlandırırdı.  

Ümumiyyətə, Bernd Ştange baş məşqçi işlədiyi ölkələrdə Azərbaycan futbol mütəxəssisləri ilə görüşür və onlara daim dəstək olmağa çalışır. Azərbaycan futbol ictimaiyyətinin dərin hörmətini qazanan Bernd Ştange müsahibələrində bizi heç vaxt unutmur. Bir hadisə həmişə yadımdadır. Qardaşım Nazim Abdullayev ölkənin çətin vaxtlarında Ağdamın “Qarabağ” klubunun yaşaması üçün ona maddi dayaq dururdu. Həmin dövrdə kluba UEFA-dan ödənişləri AFFA qəbul edirdi. Həmin vaxt Ştangenin şəxsi nüfuzu hesabına problem “Qarabağ”ın xeyrinə həll olunaraq vəsait birbaşa kluba ödənildi. 

2008-ci ilin aprel ayı idi. Almaniyada Azərbaycan Mədəniyyət İlinin açılışından sonra Bakıya dönmüşdüm. Ertəsi gün Ələkbər Məmmədov məni tələbələr arasında futbol çempionatını izləmək üçün “Şəfa” stadionuna dəvət etdi. Ələkbər müəllim məni stadionda digər bir tanınmış alman futbol adamı Berti Foqtsla tanış edəndə mobil telefonuma zəng gəldi. Telefon açan o ərəfədə Belarus yığmasına rəhbərlik edən B.Ştange idi. Söhbət əsnasında Berti Foqtsun Azərbaycana yeni baş məşqçi təyin olunmasını dedikdə təəccübləndi və belə bir cümlə işlətdi: “Görəsən, o sizin mədəniyyətə uyğunlaşa biləcəkmi?” Zaman dünya görmüş Ştangenin haqlı olduğunu göstərdi, Foqts Azərbaycana uyğunlaşmağı bacarmadı. 

Ştange Azərbaycan millisinə AFFA tərəfindən iki dəfə dəvət almasına rəğmən həmin dövrdə müqavilə ilə iş başında olması üzündən bu təklifi qəbul etmədi. Berti Foqtsun təyinatından öncə B.Ştangenin yetirməsi Mattias Zammerlə AFFA-nın maraqlanması da nəticəsiz başa çatdı. B.Ştange 2000-ci illərin əvvəlində Azərbaycan futbolunda fərqlənən bir neçə futbolçunun Avropada top qovmasına dəstək olmaq istəyinə rəğmən UEFA turnirlərindəki zəif nəticələr transferlərə imkan vermədi. Halbuki Ukraynada, Avstraliyada, İraqda işlədiyi dövrdə çoxsaylı yerli futbolçuların Avropanın aparıcı klublarına transfer olunmasında yardımçı olmuşdu. 

2019-cu ilin UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsinə məsafə baxımından etiraz edən Yürgen Kloppun münasibətinə Bernd Ştange tərəfimizi saxlayaraq məsələyə biganə qalmadı. 

Ünlü futbol adamı Ştange hər fürsətdə Azərbaycanın qədim mədəniyyətini, rəngarəng incəsənətini Almaniyada, Avstriyada və çalışdığı ölkələrdə təbliğ edir. Onun Yenada evində incəsənətimizin nümunələrinə rast gəlmək olur. Belə ki, həyəti bəzəyən büstün müəllifi tanınmış heykəltəraş Azad Əliyevdir. Bu evə gələn qonaqlar əməkdar rəssam Rafael Abbasovun “Bayan kəndindəki uşağın portreti”nə də maraqla baxırlar. 

Ştangenin Bakıya növbəti səfəri 2002-ci ildə reallaşdı. Dostumuz Alman-Azərbaycan Cəmiyyətinin xəttin ilə düzənlənən tədbirlərdə yaxından iştirak etdi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi Kapellhausda keçirilən mərasimdə tədbirə Baden-Vürttemberq torpağının ictimai-siyasi xadimləri ilə birgə gəldi, Bakıdakı köhnə dostları ilə mehriban görüşdü. O zamankı mədəniyyət naziri Polad Bülbüloğlunun açıq elan etdiyi tədbirə Azərbaycan elitası da qatılmışdı. Düşünürəm ki, Bernd Ştangenin Bakıya gözlənilən növbəti səfəri də maraqlı məqamlarla yadda qalacaq, Alman-Azərbaycan Cəmiyyətinin yubiley tədbirlərinə xüsusi rəng qatacaq. Əsl Azərbaycan sevdalısı olan məşhur almanın və həyat yoldaşı Doretea xanımın Azərbaycana səfərini təşkil edən Almaniya Azərbaycanlıları Alyansı diaspor təşkilatına minnətdarıq. 

Professor Çingiz Abdullayev 
Alman-Azərbaycan Cəmiyyətinin sədri

Chosen
4
1
teleqraf.com

2Sources