EN

ABŞ və müttəfiqləri Fars körfəzində hərbi mövqelərini gücləndirir İranla qarşıdurma dərinləşir

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Yaxın Şərqdə İsrail və İran arasında hərbi qarşıdurmanın yeni fazaya keçdiyi bir vaxtda, ABŞ və onun müttəfiqləri bölgədə genişmiqyaslı hərbi kontingent formalaşdırırlar.

İsrail mediasının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyndəki bazanı tərk edərək artıq Fars körfəzinə daxil olub. Gəmilər İranın cənub sahillərindən cəmi 200–250 km məsafədə yerləşir və faktiki olaraq “ön cəbhə”dədir.

Bu dəniz birləşməsinə “Aegis” sistemləri ilə təchiz olunmuş esmineslər, “Tomahawk” qanadlı raket daşıyan platformalar, hava hücumundan müdafiə gəmiləri, tralçılar və Britaniya, Fransa və Avstraliyaya məxsus müttəfiq gəmilər daxildir.

Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail–İran qarşıdurması fonunda bölgəyə əlavə döyüş təyyarələri yerləşdirməyə başlayıb. “Reuters”in yaydığı məlumata əsasən, F-16, F-22 və F-35 qırıcıları Yaxın Şərqə dislokasiya olunur. ABŞ rəsmiləri bu addımı “müdafiə məqsədli tədbir” kimi təqdim etsələr də, müşahidəçilər bu kontingentin həm də mümkün hücum əməliyyatları üçün nəzərdə tutulduğunu istisna etmirlər.

Açıq mənbələrə əsaslanan OSINT kanallarının məlumatına görə, 20-yə yaxın yanacaqdaşıyan təyyarə F-35 və F-16 eskadrilyaları ilə birlikdə Səudiyyə Ərəbistanındakı “Əmir Sultan” hərbi aviabazasına göndərilib. Bu, ABŞ-ın bölgədə sürətli və çevik hərbi reaksiya imkanlarını gücləndirməsi kimi qiymətləndirilir.

ABŞ müdafiə naziri Pit Hegset də bəyan edib ki, ötən həftə verdiyi göstəriş əsasında ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına əlavə qüvvələr və hərbi imkanlar göndərilib.

Hərbi ekspert Aqil Rüstəmzadənin fikrincə, baş verənlər təkcə İsrailin müdafiəsi üçün nəzərdə tutulmuş lokal tədbirlər deyil, Qərbin İran rejimini ciddi təzyiq altına almaq niyyətini göstərir. Onun sözlərinə görə, qarşıdakı 3–7 gün ərzində əməliyyatların dinamikası Qərbin məqsədinin yalnız “cavab zərbələri” ilə məhdudlaşıb-məhdudlaşmadığını, yoxsa İranda rejim dəyişikliyi ssenarisinin gündəmdə olub-olmadığını aydın göstərəcək.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
azpolitika.info

1Sources