EN

Azərbaycan bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir

Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günündə Şuşada keçirilən «Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar» mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bu çağırışı da etdi ki, bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır

«Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.» Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günündə Şuşada keçirilən «Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar» mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bu çağırışı da etdi ki, ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir. Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.

Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizin dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili», 2017-ci ilin «İslam Həmrəyliyi ili» elan edilməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev bildirir ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub.

Dövlət başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim yeni dünya nizamının formalaşmasına, Azərbaycanın bu istiqamətdə töhfələrinə xüsusi diqqət yönəldir. Hələ bu ilin yanvarında cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq. bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Bunu bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən biz etmişik.

Bu ilin mart ayında ölkəmizdə ənənəvi keçirilən Qlobal Bakı Forumunda da əsas mövzu yeni dünya nizamının formalaşması oldu. Belə ki, sayca XII Qlobal Bakı Forumu «Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi» mövzusunda müzakirələrin aparılması üçün müxtəlif ölkələrdən 300-dən çox iştirakçını bir araya gətirdi. Bu ilin aprelində isə ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə «Yeni dünya nizamına doğru» mövzusunda beynəlxalq forum keçirildi. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulmasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. Hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır. Yeni dünya nizamının formalaşdırılması ədalətə, beynəlxalq hüquqa çağırışlar edir. Bu prinsiplərin qorunduğu, öndə saxlanıldığı dünyada sülhün, təhlükəsizliyin bərqərar olması qaçılmazdır. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standartlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin siyasətində aydın görmək mümkündür.

Hər zaman vurğulandığı kimi, Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirir. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Cənab İlham Əliyev hər zaman çıxışlarında multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu əsaslı şəkildə diqqətə çatdırır. «Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar” fikirləri» ilə Azərbaycanın tolerant ölkə olduğunu və bunun möhkəm təmələ əsaslandığını nümayiş etdirir. Bu fakt inkaredilməzdir ki, dünyada geosiyasi vəziyyət gərginləşdikcə insanların, eləcə də dövlətlərin, dinlər və millətlər arasında tolerant, multikultural dəyərlərin inkişaf etdirilməsinə, qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birilərinə qarşı dözümsüzlük durur. Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi, tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış forması kimi qəbul olunması ölkəmizin son illərdə bu sahədə gördüyü mühüm işlərin nəticəsidir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə keçirilən çoxsaylı tədbirlərdə multikulturalizm, müxtəlif xalqların birgəyaşayışı təbliğ edilir.

Multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Fond Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri İslam dünyasının mədəniyyət paytaxtı elan ediliblər. Bu gün isə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı Şuşa bu şərəfli adı daşıyır. Bütün bu addımlar Azərbaycanın İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyətinin təqdimatlarıdır. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Şuşa şəhərinin həm türk dünyasının, həm də İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi əlavə imkan verdi ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinə, həm də dünya ictimaiyyətinə çatdıraq. Bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq.

Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin ev sahibliyi etdiyi, yaxud qonaq kimi qatıldığı tədbirlərə diqqət yetirsək görərik ki, Azərbaycanın əməkdaşlıq məkanı kimi nüfuz qazandığı söylənilən fikirlərdə əsaslı şəkildə önə çəkilir. Qürurverici hadisələrdən biri budur ki, son beş ildə birlik, həmrəylik, əməkdaşlıq mesajları paytaxt Bakı ilə yanaşı, Qarabağdan, Şərqi Zəngəzurdan, Azərbaycanın döyünən ürəyi olan Şuşadan səsləndirilir. Azərbaycanla qardaş Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Şuşada 15 uyun tarixində ənənəvi olaraq konfransların keçirilməsi də bunun bariz nümunəsidir. Belə ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda, həmçinin 2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir. Bu il isə Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar” müzakirə edildi. Cənab İlham Əliyev konfrans iştirakçılarına sözügedən müraciətində bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz Konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır.

Yeganə Əliyeva, «İki sahil»

Chosen
19
ikisahil.az

1Sources