Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Paytaxtın “Papanin” adlanan ərazisində köhnə evləri söküb, yerində hündürmərtəbəli binaların inşasıyla məşğul olan olan “Pilot 16” şirkətinin iş icraçısı Əlisahib Əzizov düz iki ay əvvəl həbs olunsa da, Ali Məhkəmə onun azadlığa buraxılmasına qərar verib.
Bizimyol.info xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyilə çıxarılan qərara əsasən, Əlisahib Əzizov iki il sınaq müddəti təyin olunmaqla, şərti azadlığa buraxılıb.
Qeyd edək ki, 66 yaşlı Əlisahib Əzizova bu ilin fevralında Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinmiş və ona 4 il şərti cəza verilmişdi. Bu hökmdən prokurorluq narazı qalaraq, apellyasiya protesti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə Əlisahib Əzizov haqqında hökmü dəyişmiş, onun 4 il azadlıqdan məhrum edilməsinə qərar vermişdi. O, məhkəmə zalında həbs olunmuşdu. Daha sonra o, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermişdi.
Əlisahib Əzizov vətəndaşın razılığı olmadan onun evinin sökülməsinə göstəriş verməkdə ittiham olunur. Sözügedən ərazidəki sakinlərdən Məhbubə Quliyevanın Novruzov qardaşları 55 ünvanında yerləşən 68 kvadrat metrlik evi ondan xəbərsiz sökülüb. Həmin vaxt evdə sakinlərdən heç kim olmasa da, əşyalar dağıntı altında qalıb. Ekspertlərin hesablamasına görə, zərərçəkmiş Məhbubə Quliyevaya 61 min manat ziyan dəyib.
Zərərçəkmişə dəymiş 61 min manatlıq ziyan ödənilib. Nəsimi Rayon Məhkəməsində iş icraçısı haqqında şərti cəza qərarı veriləndə bu amil də nəzərə alınıb.
Əlisahib Əzizov ifadəsində bildirib ki, ərazidəki sakinlərin əksəriyyəti razılaşma ilə köçürülüb, evlər boşalıb. Ekskavator sürücüsü həmin evi sökəndə o əmlakın sahibi ilə razılaşma əldə olunmadığını bilməyib. Qonşulardan biri qaçıb gəlib ona deyəndə dərhal işi dayandırıb.
Zərərçəkmiş tərəf isə bildirib ki, onlarla şirkət arasında narazılıq uzun müddətdir davam edir və iş icraçısı bundan xəbərsiz ola bilməzdi. Onlar hesab edir ki, Beyləqan rayonunda olduqları vaxt evlərini uçurmaqla qisas alıblar.
Qeyd edək ki, Məhbubə Quliyevanın mənzili ilə əlaqədar bu ilə “Pilot-16” şirkəti arasında qalmaqal və həbslər bununla bitmir. Mənzilin söküntüsü üçün şirkətlə məhkəmə çəkişməsi davam edən ərəfədə Məhbubə Quliyevanın qardaşı Əsəd ərazidə söküntü işləri həyata keçirən ekskavatoru yandırıb. Bu dəfə Əsəd Cinayət Məcəlləsinin 186-cı (özgə əmlakını zədələmə və ya məhv etmə) maddəsilə təqsirləndirilib. İstintaq və məhkəmə gedən dövrdə ev dustaqlığında olsa da, hökm oxunanda o, məhkəmə zalında həbs olunub. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.