EN

Tramp İngiltərə ilə ticarət sazişinin tətbiqinə dair fərmanı imzaladı

Tramp İngiltərə ilə ticarət sazişinin tətbiqinə dair fərmanı imzaladı

ABŞ Prezidenti Donald Tramp İngiltərə ilə əldə edilən ticarət sazişinin icrasına dair detalları əhatə edən fərmanı imzalayıb.

Tramp G7 Liderlər Sammiti çərçivəsində Kanadanın Alberta bölgəsində İngiltərənin Baş naziri Keir Starmer ilə birlikdə jurnalistlərə açıqlamalar verib.

İngiltərə ilə əldə etdikləri ticarət sazişi sənədini imzaladıqlarını bildirən Tramp “Bu, hər iki tərəf üçün ədalətli bir razılaşmadır. Çoxlu sayda iş yerləri və gəlir yaradacaq və başqa bir çox sazişlərimiz də olacaq,” deyə bildirib.

İngiltərənin Baş naziri Starmer isə “Bu, avtomobil tarifləri və aviasiya sahəsində həqiqətən önəmli olan sazişimizin tətbiqini təmin edir. Ona görə də bu gün hər iki ölkə üçün gözəl gündür, əsl güc nümayişidir” deyə əlavə edib.

Digər tərəfdən, Ağ Ev ABŞ ilə İngiltərə arasında imzalanmış sazişin icrasına dair detalları ehtiva edən fərmanı yayımlayıb.

Fərmanda bildirilir ki, saziş çərçivəsində İngiltərə ABŞ-ın istehsal infrastrukturuna zərər vura biləcək və milli təhlükəsizliyini təhdid edən bir sıra tarifdənkənar maneələri azaltmağı və ya aradan qaldırmağı öhdəsinə götürüb.

Fərmana əsasən, ABŞ İngiltərə mənşəli avtomobillər üçün illik 100 min avtomobillik kvota müəyyən edəcək və bu kvota çərçivəsində 10 faizlik tarif tətbiq olunacaq. İngiltərədən idxal ediləcək polad və alüminium üçün də müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə kvota müəyyən olunacaq.

İngiltərə mənşəli dərmanlar və dərman xammalı ilə bağlı aparılacaq araşdırmanın nəticələrinə əsasən güzəştli yanaşma tətbiq olunması barədə razılıq əldə edildiyi də fərmanda qeyd olunub.

Həmçinin, iki ölkənin aviasiya və təyyarə istehsalı üzrə təchizat zəncirlərini gücləndirmək barədə razılaşdığı və bu çərçivədə bəzi aviasiya məhsulları üçün tarifsiz ticarət həyata keçiriləcəyi vurğulanıb.

Chosen
20
afn.az

1Sources