EN

Mifologiya müharibələrdə

Müasir müharibələrdə təkcə silahlar və texnologiyalar yox, onlara verilən adlar da simvolik silaha çevrilib.

Ukraynada xanımlardan ibarət peşəkar, vuruşan hərbi dron birləşməsi var.

Bu hərbi birləşmə, Ukraynada 2022-ci ildə “Dronlar ordusu” adlanan nəhəng bir layihənin, sonradan isə Ukraynanın ayrıca bir qoşun növü olaraq fəaliyyətə başlayan pilotsuz uçuş aparatları ordusunun tərkibinə daxildir. 

Yeri gəlmişkən, bu prosesdə Ukraynanın Müdafiə Nazirliyi ilə yanaşı, bu ölkənin Rəqəmsal Transformasiya Nazirliyi, İnnovasiya, Elm və Təhsil Nazirliyi də yaxından iştirak edir.

Yalnız xanımlardan ibarət olan bu hərbi birləşmənin maraqlı adı var: Harpiya (ukr.: Гарпії, rus.: Гарпии, ing.: Harpy)

Bu ad qədim yunan mifologiyasından götürülüb. Ədalət uğrunda vuruşan, quş bədənli, qadın sifətli, qəfil hücum edən qisasçı varlıqlara verilən bir addır.

Rusiya ərazisinə hərbi tapşırığın icrası üçün göndərilən dronları idarə edən ukraynalı xanımlar sanki  düşmənə qarşı “göydən gələn qisas”ı təmsil edirlər.

Maraqlıdır ki bu hərbi birləşməyə Rusiyada anadan olan Ukrayna mənşəli xanım rəhbərlik edir və Rusiya mediasında onun haqqında çox yazılır.

Xanımların dron döyüşünə hazırlaşması üçün 45 gün hərbi hazırlıq və 30 gün dron operatorluğu üzrə olmaqla, toplam 75 gün təlim keçirilir.

Xanımlar da demək olar ki, bütün növ dronlar üzrə hazırlıq  keçiblər.

Xatırladıram ki, hazırda Ukraynada 40 növdən çox pilotsuz uçuş aparatı istehsal olunur.

Yüzlərlə müəssisələr, startaplar və hətta qeydiyyatdan keçən adı vətəndaşlar dövlətin və beynəlxalq fondların dəstəyilə dron istehsalı ilə məşğuldurlar.

Yeri gəlmişkən, görünən odur ki, müharibələrə, hərbi əməliyyatlara mifoloji, dinə söykənən adlar vermək də bir növ innovasiyaya çevrilib.

Hazırda davam edən İsrail-İran müharibəsində də bu tip adlardan istifadə edilir.

İsrail İrana qarşı “Rising Lion” ( “Yüksələn Aslan”) , Qəzzada isə “Gideon’s Chariots” (Qideon peyğəmbərin döyüş arabaları) adlarını Bibliyadan, İran isə “True Promise 3” (Gerçək vəd 3) adlarını Qurandan götürməklə döyüşən tərəflərdə qisas hissini artırmaq, ruh yüksəkliyi yaratmaq məqsədi güdürlər.

P.S. Dronlarla bağlı kadr hazırlığında bütün növ təhsil müəssisələrimizin, universitetlərin (mühəndis tərəfi), kollec və peşə məktəblərinin (operator və pilot tərəfi) diqqət yetirməsi çox vacibdir. Bu, ölkəmizin texnoloji və innovativ potensialını xeyli gücləndirə bilər.

Chosen
11
1
vaxt.az

2Sources