EN

Bu klub Sərgən Yalçına uzunmüddətli layihə təklif edib

Sərgən Yalçına superliqadan növbəti dəfə təklif gəlib.

"Football-plus.az" xəbər verir ki, mövsümün sonuna yaxın Səlcuk İnan ilə yollarını ayıran və hələ də baş məşqçisiz olan ''Qaziantep'' Sərgən Yalçını baş məşqçi vəzifəsinə gətirmək, yeni dönəmə qədəm qoymaq və iddiasını artırmaq istəyir.

Antep təmsilçisi Sərgənə transfer də daxil olmaqla tamamilə onun özünün bütün detallara rəhbərlik edəcəyi uzunmüddətli bir layihə təklif edib. Hazırda danışıqlar davam edir. Özü də danışıqlarda Türkiyə Futbol Federasiyasının sabiq prezidenti, əslən antepli olan Mehmet Büyükekşi də iştirak edir.

Bu xəbər fanatları da bir xeyli həyəcanlandırıb. Sosial şəbəkədə #SergenGaziantepFK heşteqi qısa müddətdə böyük populyarlıq qazanıb. Kluba yaxın qaynaqların bildirdiyinə görə qarşıdakı günlərdə danışıqlar davam edəcək. Anlaşma əldə olunacağı təqdirdə rəsmi açıqlama ya iyunun 19-da, ya da 20-də veriləcək. ''Qaziantep''in Sərgən Yalçın ilə avrokuboklara vəsiqəyə iddialı olan bir heyət quracağı gözlənilir.

Qeyd edək ki, ''Beşiktaş'' ilə qazandığı çempionluqdan sonra nüfuzunu bir xeyli artıran 52 yaşlı mütəxəssisin bu zəfərdən sonrakı karyerası uğurlu alınmayıb. Son olaraq ötən 2023/24-ün ikinci dövrəsində ''Antalyaspor''u çalışdıran Yalçın son 1 ildə futbol şərhçisi kimi fəaliyyət göstərib. Bu müddətdə o, iki dəfə ''Beşiktaş''dan təklif alsa da, qardaşının səhhəti ilə bağlı məşqçiliyə qayıtmaq istəməmişdi.

Bundan başqa Yalçın ötən ay ''Çaykur Rizəspor''dan aldığı təklifi də geri çevirmişdi. Onu da bildirək ki, Antep bu məşqçi üçün heç də yad məkan deyil. Əksinə o, karyerasına məhz ''Qaziantepspor''da start verib və bu klubda iki fərqli dönəmdə (2013/14, 2016) çalışıb.

Chosen
10
1
football-plus.az

2Sources