EN

Gürcü deputat: İsraillə İran arasındakı münaqişə bütün region üçün böyük təhlükədir

Tbilisi, 17 iyun, AZƏRTAC

“Gürcüstan hakimiyyəti İran və İsrail arasında gərginləşən qarşıdurma şəraitində mümkün qədər praqmatik davranmaq niyyətindədir və ölkədə sülh və sabitliyin qorunması üçün bütün lazımi tədbirləri görəcək”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından deputat Levan Maçavariani söyləyib.

Deputat deyib: “İyunun 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) “Rising Lion” adlı genişmiqyaslı əməliyyata başlayıb və İsrail Hərbi Hava Qüvvələri İranın nüvə proqramının hərbi obyektlərinə zərbələr endirib. Tehran İsrailə yüzlərlə ballistik raket ataraq “Doğru vəd 3” əməliyyatı ilə cavab verdi.

Biz çalışacağıq ki, regionda vəziyyət necə gərginləşsə də, Gürcüstan bundan əziyyət çəkməsin. Gürcüstan regionda və dünyada sülh adası olacaq”.

Siyasətçi vurğulayıb ki, “Gürcü arzusu” partiyası ölkədə sülhün və sabitliyin əsas təminatçısı olaraq qalır. Gürcüstan hakimiyyəti xüsusilə indiki qeyri-sabitlik şəraitində mümkün qədər praqmatik hərəkət etmək niyyətindədir.

“İsraillə İran arasındakı münaqişə bütün region üçün böyük təhlükədir və tezliklə həll olunmalıdır. Burada ən əsas odur ki, heç kim bu münaqişəyə birbaşa müdaxilə etməsin. Tərəflər özləri məsələnin həllinə nail olmalıdırlar”, – deyə deputat vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
15
1
azertag.az

2Sources