EN

2024 YR4 asteroidinin Ayla toqquşma ehtimalı yüksəlib

BAKI, TurkicWorld

2032-ci ildə asteroidin Aya çarpma ehtimalı artıb.

TurkicWorld xəbər verir ki, NASA 2024 YR4 adlı asteroidin 2032-ci ildə Aya çarpma ehtimalının 4,3 faizə yüksəldiyini açıqlayıb.

Bu, əvvəlki göstəricidən 0,5 faiz çoxdur. Yenilənmiş proqnozlar, Ceyms Uebb Kosmik Teleskopu (JWST) tərəfindən toplanan yeni məlumatlara əsaslanır.

Asteroid ilk dəfə 2024-cü il dekabrın 27-də kəşf edilib. Uzunluğu 53–67 metr arasında olan 2024 YR4 bir vaxtlar Yerlə toqquşma riski 1 faiz olan ilk iri asteroid kimi tanınıb. Yanvar və fevral aylarında keçirilən müşahidələr təsir ehtimalının artaraq 3,1 faizə yüksəldiyini göstərmişdi.

Lakin sonradan aparılan təhlillərlə Yerə çarpma ehtimalı xeyli azalıb. NASA fevralın 24-də rəsmi şəkildə “təhlükə yoxdur” açıqlaması yayaraq bu ehtimalın cəmi 0,004 faizədək endiyini bildirdi.

Hazırda diqqət asteroidin Aya çarpma potensialına yönəlib. Johns Hopkins Tətbiqi Fizika Laboratoriyasından Endi Rivkinin rəhbərlik etdiyi tədqiqat qrupu JWST-in Yaxın İnfraqırmızı Kamerasından (NIRCam) əldə edilən məlumatları analiz edərək asteroidin 22 dekabr 2032-ci ildəki yerini 20 faiz daha dəqiq müəyyənləşdirib. Bu isə təsir ehtimalını 3,8 faizdən 4,3 faizə yüksəldib.

NASA-nın hesabatına görə, YR4 2032-ci ildə Ayın orbitinə yaxın keçəcək. Sarı nöqtələrlə göstərilən mümkün mövqelər asteroidin bu tarixdə harada ola biləcəyini göstərir. Yer isə Ayın orbitinin mərkəzində yerləşir.

Qeyd edək ki, əvvəllər asteroidin Yerə düşəcəyi təqdirdə Cənubi Amerika, Afrika və Asiyanın cənubu da daxil olmaqla geniş bir ərazidə partlayışa səbəb ola biləcəyi bildirilmişdi. Lakin NASA sualtı partlayışın böyük sunami riski yaratmayacağını və şəhər üzərindəki hava partlayışlarının yalnız şüşə qırılması və kiçik struktural zədələrlə nəticələnə biləcəyini qeyd edib.

Çili və Havaydakı teleskopların son müşahidələrinə görə, asteroid Mars və Yupiter arasındakı əsas asteroid kəmərində formalaşıb və sonradan Yerə yaxın orbitə daxil olub.

Əlavə olaraq, Hindistanın Benqalur şəhərində yerləşən Astrofizika İnstitutunun sabiq tədqiqatçısı Pavan Kumar bildirib ki, Ayla mümkün toqquşma ciddi narahatlıq yaratmamalıdır. Onun sözlərinə görə, zərbə nəticəsində orbitə atıla biləcək Ay parçaları Yerə yaxınlaşsa belə, atmosferdə yanaraq yox olacaq.

Chosen
33
39
turkic.world

10Sources