EN

Pənah Hüseyn partiya sədrliyindən getdi: AXP sədri səlahiyyətləri Qiyas Sadıqova verildi

Azərbaycanın sabiq baş naziri, tanınmış ictimai-siyasi xadim Pənah Hüseyn rəhbəri olduğu Azərbaycan Xalq Partiyasının (AXP) sədr səlahiyyətlərini başqa şəxsə həvalə edib.
 
Moderator.az xəbər verir ki, Pənah Hüseyn bu barədə imzaladığı sərəncamı sosial şəbəkədə yayımlayıb.
 
Sərəncamda qeyd olunur ki, AXP Nizamnaməsinin 7.1.4.2-ci maddəsinə əsasən, sədr səlahiyyətlərinin icrası bu qərarın elan olunduğu tarixdən etibarən partiya sədrinin müavini Qiyas Böyükağa oğlu Sadıqova verilir.
 
Qeyd edək ki, Qiyas Sadıqov Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə mühüm vəzifələrdə çalışmış, Azərbaycan Xalq Partiyasının qurucu üzvlərindən biri olmuşdur. O, partiyanın rəhbərliyində uzun illərdir təmsil olunur və təşkilat daxilində nüfuzlu simalardan hesab edilir.
 
Bu barədə Pənah Hüseyn izahatla da çıxış edib.
 
"Partiya sədri səlahiyyətlərinin icrasının sədr müavini Qiyas Sadıqova həvalə olunması içində olduğum digər bir siyasi prosesdə iştirakımla bağlıdır".
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu Pənah Hüseyn deyib.
 
O bildirib ki, hələ ki, formal olaraq AXP-nin sədri vəzifəsində qalır:
 
"Mən hələ ki, partiyamızın sədri olaraq qalıram. Bir daha qeyd edirəm ki, bu addım istefa anlamına gəlmir və sadəcə olaraq içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir".
Chosen
10
7
moderator.az

7Sources