
Təşəkkür etmək və şükür etmək bir-birinə yaxın ifadələr olsa da, aralarında müəyyən məna fərqləri var. Təşəkkür insana, şükür isə Allaha (c.c.) qarşı edilir.
Təşəkkür məsələsində laqeyd davranan yeganə varlıq yəqin ki, insandır. Allah Rəsulu (s.ə.s.) ınsanlara qarşı təşəkkür etməyi özünə sığışdırmayan, ya da buna ümumiyyətlə əhəmiyyət verməyənlərin Allaha (c.c.) qarşı da şükrü yerinə yetirməyəcəklərini, şükür məsələsində laqeyd davranacaqlarını bildirir.
Bir sözlə, edilən yaxşılıqlar qarşısında təşəkkür etməyi bilməyən şəxs, böyük ehtimal ki, onu yaradan, ona saysız-hesabsız nemətlər verən Rəbbinə (c.c.) qarşı da şükür etməkdə laqeyd davranacaq.
Allah Rəsulu (s.ə.s.) belə buyurur: “İnsanlara təşəkkür etməyən Allaha (c.c.) da şükür etməz” (Əbu Davud, Ədəb, 11).
Xeyirxah işlərə qarşı ancaq yaxşılıqla cavab verməli olan insan bəzən gördüyü yaxşılığa görə təşəkkür etməkdən imtina edir, hətta nankorluq edərək yaxşılığa pisliklə cavab verir. Halbuki ayədə: “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!” (Rahmən, 55/60) buyurulur.
İnsanlara təşəkkür etməyi əsasən üç hissəyə ayırmaq olar. Bunlardan birincisi sözlə təşəkkür etməkdir. İkinci növ təşəkkür yaxşılığa onunla eyni, ya da daha yaxşı bir şəkildə cavab verməkdir. Buna əməli təşəkkür də deyilir. Üçüncü növ təşəkkür isə bizə yaxşılıq edən insanlara dua etməkdir. Əgər yaxşılıqlara qarşı eynisi, ya da daha yaxşısı ilə cavab vermək imkanı yoxdursa, yaxşılıq edən insanlara dua etmək də bir növ təşəkkürdür.
Bizə təbəssüm edərək, hal-əhval tutanlara, getmək istədiyimiz ünvanı soruşanda bizə səmimiyyətlə yol göstərənlərə, ağır bir yükümüzü daşımaqda bizə kömək əlini uzadanlara… biganə qalmamalı və təşəkkür etməliyik.
Bir dostumuz, bir yoldaşımız, bir qonşumuz bizə bir hədiyyə verəndə, hansısa səhvlərimizı bağışlayanda, kimsə evimizə qonaq gələndə, kimsə bizə maddi və mənəvi fədakarlıq göstərəndə bu gözəl və xeyirxah əməlləri eynisi, ya da daha yaxşısı ilə o insanlara qaytarmalıyıq. Çünki dinimiz bizə hətta pisliklərə qarşı belə yaxşılıqla cavab verməyi tövsiyə edir.
Ayədə belə buyurulur: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!” (Fussilət, 41/34).
Yuxarıda qeyd etdiyimiz kimi təşəkkür etməyin üçüncü yolu da dua etməkdir. Bu da əsasən yaxşı işlərə eynisi və ya daha yaxşısı ilə cavab vermək mümkün olmayanda yaxşılıq sahibinə dua etməklə mümkündür.
Əksər hallarda insanlar xeyirxahlığı və ya yaxşı əməlləri ən yaxınlarından, məsələn ata-analarından gördükləri üçün elə ən birinci təşəkkür etməli olduğu insanlar da onlardır. Sonra sırası ilə digərləri gəlir. Bu haqda Quran ayəsində belə deyilir: “Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşıyır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir” (Loğman, 31/14).
Buradan anlayırıq ki, bir şəxs insanlara, xüsusilə də, ən yaxınındakı ata-anasına onların hər bir səy və zəhmətlərini görüb təşəkkür etməyi bilirsə, həyatın digər məqamlarında üzərində əməyi olan digər insanlara da təşəkkür etməyi öyrənəcək. Bu da bir insanın kamilliyinin əlamətidir.
Murad Məmmədov