EN

“Latte atalar” dövrü- Sosial medianın yeni ata modeli

BAKI,TurkicWorld

Son illər sosial mediada yeni valideynlik modeli – “Latte Dad” konsepsiyası yayılmağa başlayıb.

TurkicWorld xəbər verir ki, bu obrazda atalar ənənəvi rollardan kənara çıxaraq övladlarının gündəlik qayğısında daha fəal iştirak edir, sosial şəbəkələrdə isə bu fəaliyyəti estetik məzmun halında paylaşırlar.

Türkiyənin Yaşar Universiteti Peşə Liseyi Xarici Ticarət Proqramının müəllimi Dr. Ece İpekoğlunun doktorluq dissertasiyası çərçivəsində araşdırdığı "Instagram Mom" və "Latte Dad" terminləri, sosial mediada formalaşan yeni valideyn obrazlarını təhlil edir.

Dr. İpekoğlu bildirib ki, "Latte Dad" anlayışı ataların uşaq baxımında daha aktiv rol aldığı, anaların işlədiyi, ataların isə uşaqlarla gündəlik həyatın mərkəzində olduğu modeldir. Bu atalar uşaq arabasında gəzintidən tutmuş kitab oxumağa qədər bir sıra fəaliyyətləri sosial mediada vizual və estetik şəkildə təqdim edirlər.

“Geyimdən istifadə olunan uşaq məhsullarına qədər hər detal planlı şəkildə paylaşılır. Bu, ata-övlad münasibətinin vizual nümayişidir və gender rollarına alternativ təklif edə bilər,” – deyə İpekoğlu vurğulayıb.

Mütəxəssis onu da əlavə edib ki, bu tip məzmunlar reallıqdan uzaq ideal valideyn obrazları yaradır və digər atalar və analar üzərində təzyiq yarada bilər. Dr. İpekoğlu Instagram anaları barədə də danışaraq onların “ideal ana” obrazı təqdim etdiklərini, lakin bu parlaq görüntünün arxasında yuxusuzluq, yorğunluq və maddi sıxıntılar kimi real çətinliklərin gizlədildiyini qeyd edib.

“Baxımlı görünüş, karyera, uşaqlarla keyfiyyətli vaxt keçirmə görüntüsü bəzən digər analarda yetərsiz hissi yarada bilər. Bu isə sosial müqayisə və psixoloji təzyiqi artırır,” – deyə o bildirib.

Chosen
19
turkic.world

1Sources