EN

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanıldı - Fotolar

Xəbər verdiyimiz kimi, bu gündən etibarən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıb.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bu marşrutun üstünlüklərindən danışıb.

O bildirib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə İsveçrənin “Stadler Rail” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar istifadəyə verilib:

“5 illik fasilədən sonra Qazax rayonuna sərnişindaşıma bərpa olundu. Stansiyanın açılması Ağstafa-Qazax yolunun əsaslı təmiri və bərpası həyata keçirildikdən sonra mümkün oldu. Həmçinin, Qazax stansiyasının da təmiri həyata keçirilib. Vaqonlarda ümumi yerlərin sayı 240-dan artıqdır. Siniflər olaraq standart, standart+, biznes sinifləri mövcuddur”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, hər yeni məntəqənin əlavə olunması yeni fürsətlər yaradır və yeni iqtisadi aktivliyə səbəb olur:

“Bilirik ki, dəmiryolları daşımaları komfortlu və sürətlidir. Düşünürəm ki, ümumi olaraq, qərb regionları arasında həm də, regionlararası inteqrasiyaya müsbət təsir edəcək”.

Xatırladaq ki, sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunur.

Qeyd edək ki, qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatır.

Bilet satışına artıq 5 iyun tarixindən start verilib. Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunur və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 manat təşkil edir.

Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az) əldə etmək mümkündür.

Lamiyə Məmmədova





Chosen
24
3
qafqazinfo.az

10Sources