EN

Paşinyan Türkiyə ilə normallaşma yolunu açan ilk erməni lider kimi tarixə düşmək istəyir -RƏY

Fuad Abbasov: “Paşinyan üçün hazırda daxili auditoriya daha vacibdir, nəinki Türkiyə ilə əlaqələr”
 

 Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya gedəcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Erməni KİV-lərinin məlumatına görə, Ərdoğan və Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Türkiyə ilə münasibətlərin nizamlanması Ermənistanın xarici gündəliyində duran əsas məsələdir. O qeyd edib ki, İrəvan münasibətlərin nizamlanması, sərhədin açılması üzərində işləməyə davam edir: "Bu, nail olmaq istədiyimizin ideal variantı deyil, lakin irəliləyiş müşahidə edirik". Bəzi ekspertlərin qənaətincə, N.Paşinyanın Türkiyə səfəri reallaşarsa, Azərbaycanla sülh sazişinin imzalanması və Ankara ilə münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlər də mümkündür.
 
Politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə və Ermənistan arasında tarixi anlaşmazlıqlar var. Ekspert diqqətə çatdırıb ki, iki ölkə arasındakı problemlərin başlıca səbəbi qondarma erməni "soyqırımı"dır:

"Paşinyan və ondan əvvəlki rəhbərlər Türkiyənin bu məsələdə günahsız olduğunu, qondarma "soyqırımı" nağılının erməni lobbisinin təbliğat ruporuna çevrildiyini bilsələr də, bunu heç vaxt etiraf etməyiblər. Halbuki, İrəvan çox gözəl bilir ki, "soyqırımı" ideologiyası ilk növbədə Ermənistanın özünə zərər verir. Eyni zamanda ermənilərin "Ararat" adlandırdığı Ağrı dağının Ermənistanın gerbində, milli valyutasında əks olunması da Türkiyə ərazisinə iddia deməkdir. Erməni tərəfi sadəcə "simvolik" məsələ olduğunu iddia etsə də, bu, birbaşa qonşu dövlətin tarixi torpaqlarına göz qoymaqdır. Belə təqdirdə Türkiyənin Ermənistana münasibəti dəyişə bilməz. Ərazi iddiası ciddi məsələdir".
 
Həmsöhbətimiz əlavə edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Bakı-İrəvan arasında sülh danışıqları ilə paralel irəliləyir:
"Türkiyənin Ermənistanla sərhədlərini bağlı saxlanmasının, əlaqələri dondurmasının səbəbi Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti idi. Ötən dövr ərzində Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin normallaşması istiqamətində müəyyən cəhdlər göstərilsə də, buna nail olunmayıb. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri vardı. İlk növbədə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlərin delimitasiya və demarkasiyası aparılmalıdır. Eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları birdəfəlik aradan qaldırılmalıdır. Ermənistan qonşu ölkələrin ərazilərinə göz dikməkdən vaz keçməlidir".
 
F.Abbasovun ehtimalına görə, Paşinyanın Türkiyəyə gözlənilən görüşündən hansısa ciddi nəticə gözləməyə dəyməz:
"Nikol Paşinyan Ermənistan baş naziri kimi Türkiyəyə səfər etməklə münasibətlərin normallaşması yolunu açan ilk lider kimi tarixə düşmək istəyir. Yəni sadəcə simvolik cəhətdən əhəmiyyətli olacaq. Bu, gələcəkdə atılacaq hansısa ciddi addımlar üçün başlanğıc rolunu oynaya bilər. Amma indiki halda torpaq iddialarından vaz keçilməsi və qondarma "soyqırım"dan əl çəkilməsi mümkünsüz görünür. Ermənistan ictimaiyyəti hələlik bunu qəbul etmir. Paşinyan üçün hazırda daxili auditoriya daha vacibdir, nəinki Türkiyə ilə əlaqələr. Çünki qarşıdan parlament seçkisi gəlir".

Chosen
13
1
sherg.az

2Sources