Xəbər verdiyimiz kimi bu gün ölkəmizdə ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri keçirilir. Minlərlə IX və XI sinif məzunları üçün bu gün məktəb həyatı ilə vida və yeni mərhələyə keçid anlamı daşıyır.
Ömrün ən qayğısız, duyğulu və bir o qədər də şirin məktəb illəri hər il iyun ayında 11-ci siniflər üçün "Son zəng" sədaları altında bitir.
Xətai rayonunda yerləşən 221 saylı tam orta məktəbin 138 məzunu 11 illik təhsil ocaqlarına “əlvida” deyiblər.
Məktəbin həyətində təşkil edilən tədbirdə məktəb rəhbərliyi və müəllimlər çıxış edərək məzunların onların təhsildə qazandıqları nailiyyətlərindən söz açıblar. Onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Məzunlar isə illər ərzində keçdikləri məktəb yoluna nəzər salıb, müəllimlərinə təşəkkürlərini bildiriblər.
Sonda isə illərin yaddaşına yazılan an gəlib çatıb və “son zəng” çalınıb. Məzunlar üçün bu zəng sadəcə məktəb illərinin başa çatdığını deyil, həm də yeni bir həyat mərhələsinin başlandığını xəbər verir. Bu, həm də xatirələrin, dostluqların, uşaqlığın səsidir..
"Əlvida, doğma məktəb,
Alqış gələn səhərə.
Heç nə itmir dünyada,
Dönür xatirələrə..."
(Baba Vəziroğlu)
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, bu il ümumi orta təhsil səviyyəsi üzrə respublika üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olur. Məzunlardan 84 nəfəri işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləridir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media