EN

İki dövlət arasında müharibə riski ARTDI: Yaxın günlərdə hücum BAŞLAYA BİLƏR

Yaxın Şərqdə artan siyasi-hərbi gərginlik fonunda İran rəhbərliyi İsrailin mümkün hücumuna cavab planlarını gündəmə gətirib. “The New York Times” nəşri bu barədə İran rəsmisinə istinadən məlumat yayıb. Məlumata əsasən, İran silahlı qüvvələri yüzlərlə ballistik raketdən istifadə etməklə dərhal əks-hücum ssenarisi üzərində işləyir. Tehran tərəfindən hazırlanmış bu planın əsas məqsədi İsrailin potensial hərbi əməliyyatlarına sərt və operativ cavab verməkdir.

Digər tərəfdən, ABŞ mediası bildirir ki, Vaşinqton İsrailin İrana qarşı hərbi əməliyyat keçirmək üçün hazırlıqlar apardığı barədə məlumat əldə edib. Bu da bölgədə yeni bir münaqişə dalğasının baş qaldıra biləcəyi ehtimalını artırır.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli News24.az-a açıqlamasında bildirib ki, son məlumatlara görə, İsrail İrana hücum etməyə tam hazırdır:

"İsrailin İrana hücum etməyə hərbi baxımdan hazır olduğu bildirilir. Lakin bu məsələdə son qərar yalnız İsrailin iradəsindən asılı deyil. İsrail ABŞ-nin ən yaxın müttəfiqidir və onun hərbi addımları çox zaman Vaşinqtonla razılaşdırılır. Hazırda ABŞ üçün Ukrayna savaşı və onun mümkün nəticələri əsas prioritetlərdən biridir. Belə bir fonda İsrailin İrana hücum etməsi və ABŞ-nin bunu dəstəkləməsi o qədər də inandırıcı görünmür”.

Politoloq qeyd edir ki, ABŞ İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyi mümkün qədər siyasi və diplomatik yollarla həll etməyə çalışır:

"Ağ Ev hələ də ümid edir ki, Tehranla razılaşma əldə etmək mümkündür. Bu səbəbdən də, İsrailin İran ərazisinə birbaşa hərbi zərbə endirməsi üçün Vaşinqtondan icazə alması çətin görünür. ABŞ-nin razılığı olmadan isə belə bir əməliyyatın həyata keçirilməsi risqli və region üçün dağıdıcı nəticələrə səbəb ola bilər”.

Elçin Xalidbəylinin fikrincə, Yaxın Şərqdə onsuz da qeyri-sabit olan geosiyasi vəziyyəti nəzərə alaraq, böyük dövlətlərin mümkün müharibə ssenarilərinə ehtiyatla yanaşması zəruridir:

“İsrailin hərbi hazırlığı real olsa belə, bu, hücum qərarının dərhal veriləcəyi anlamına gəlmir. Hazırda daha çox diplomatik alətlər ön plandadır və ABŞ bu yolla irəliləməyi üstün tutur”.

 

Aqil Qarayev

Chosen
21
2
hurriyyet.az

3Sources