EN

Pərviz Şahbazov: “Azərbaycan enerji keçidini bərpa olunan enerji və səmərəlilik vasitəsilə reallaşdırır”

Ənənəvi olaraq neft və qaz istehsalçısı və ixracatçısı kimi tanınan Azərbaycan, hazırda bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı və enerji səmərəliliyinə xüsusi diqqət yetirməklə enerji keçidinə fəal şəkildə start verib.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Brüsseldə keçirilən enerji səmərəliliyi üzrə 10-cu illik qlobal konfransın açılışında bildirib.

Nazir qeyd edib ki,, enerji səmərəliliyini beynəlxalq gündəliyin prioritet mövzularından birinə çevirmək asan olmayıb:
“Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycan üçün enerji səmərəliliyinin təmin olunmasına dair “yol xəritəsi” hazırlayıb. Hazırda bu istiqamətdə fəaliyyət göstəririk”.

P.Şahbazovun sözlərinə görə, bu tədbirlər binaları, nəqliyyatı, istilik sistemlərini və ümumilikdə bütün enerji infrastrukturunu əhatə edir.

Nazir vurğulayıb ki, yalnız Azərbaycanda deyil, qlobal miqyasda da enerji səmərəliliyi sahəsinə yatırımların artırılmasına ehtiyac var:
“Layihələrin icrasında və ya tədqiqatların aparılmasında məsuliyyət daşıyan tərəfləri inandırmaq üçün daha konkret layihələrə və texniki-iqtisadi əsaslandırmalara ehtiyac duyulur. Bu baxımdan genişmiqyaslı beynəlxalq əməkdaşlıq zəruridir”.

P, Şahbazov çıxışında Avropa enerji interkonnektorlarının da əhəmiyyətinə toxunaraq qeyd edib: “Bu interkonnektorlar vasitəsilə istehsal mərkəzlərini istehlak mərkəzləri ilə birləşdirmək mümkündür. Nəticədə enerji şəbəkələrində tarazlıq yaradaraq, yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda da daha yüksək enerji səmərəliliyinə nail ola bilərik”.

Nazir əlavə edib ki, hazırda Azərbaycanda iki “yaşıl enerji zonası” mövcuddur.

“Birinci zona Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ərazilərimizin işğaldan azad edilməsindən sonra elan edilib. Bu ərazi artıq “yaşıl enerji zonası”na çevrilib, bərpa olunan enerji istehsal edir və digər regionların enerji təminatına töhfə verir. Bu konsepsiya çərçivəsində günəş panellərinin damlarda quraşdırılması, izolyasiya tədbirləri, mərkəzi istilik sistemləri kimi müxtəlif "yaşıl texnologiya"lar tətbiq olunur”, - deyə nazir bildirib.

O qeyd edib ki, COP29-un ev sahibi olan Azərbaycan enerji sahəsində üç qlobal təşəbbüs irəli sürüb: “Bunlar enerji interkonnektorları, "yaşıl enerji zona"ları və hidrogen sahəsində təşəbbüslərdir. Bu ideyalar beynəlxalq ictimaiyyət tərəfindən böyük dəstək qazanıb. Bu istiqamətdə işimizi davam etdiririk və milli səviyyədə də fəaliyyətimizi genişləndiririk”.

Chosen
50
report.az

1Sources