EN

"Rusiya ilə Ukrayna arasındakı müharibə böyük və kiçik qardaşların münaqişəsidir" - Medinski

 
"Ukraynanı Qərblə yaxınlaşmadan imtina edib, Moskvanın şərtlərini qəbul etməlidir..."
 
Rusiya prezidenti Vladimir Putinin müşaviri və İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiya ilə Ukrayna arasındakı müharibəni "böyük və kiçik qardaş arasında münaqişə" ilə müqayisə edib.
 
Moderator.az xəbər verir ki, o, bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində danışıb. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
 
Medinski bildirib ki, Qərbin əsas səhvi bu müharibəyə İngiltərə ilə Fransa, yəni bir-birindən tam fərqli tarixə və mədəniyyətə malik iki dövlət arasındakı münaqişə kimi baxmasıdır.
 
Halbuki, onun fikrincə, Rusiya ilə Ukrayna eyni xalqın hissələri, ortaq dilə və mədəniyyətə malik olan və təbii müttəfiq sayılan iki dövlətdir. Buna görə də bu, onun sözləriylə desək, "qardaşlar arasında - kim daha ağıllı və daha vacibdir sualı ətrafında faciəvi münaqişədir".
 
O, əlavə edib: "Bu qarşıdurma, təəssüf ki, aramızdakı fikir ayrılıqlarını daha da dərinləşdirir. Biz istəyirik ki, bu müharibə tezliklə başa çatsın". Medinski həmçinin iddia edib ki, Rusiya sülh istəyir. Amma əgər Ukraynanın qərarlarını "başqa ölkələrin milli maraqları" diktə etməyə davam edərsə, Rusiya buna cavab verməyə məcbur qalacaq.
 
O, Ukraynanın Qərblə inteqrasiyanı dayandıraraq Moskvanın sülh şərtlərini qəbul etməsinin daha məqsədəuyğun olduğunu bildirib. Rusiyanın tarixən uzunmüddətli müharibələrdə qalib gəldiyini iddia edən Medinski XVIII əsrdəki Rusiya-İsveç müharibəsini misal çəkib və xüsusi olaraq Şimal Müharibəsini xatırladıb.
 
"Rusiya ilə uzunmüddətli müharibə aparmaq mümkün deyil", - o, vurğulayıb və əlavə edib ki, Ukraynanın kompromisdən imtinası yeni ərazi itkiləri ilə nəticələnə bilər. Bununla belə, "The Wall Street Journal" qeyd edir ki, Rusiyanın bəzi uzunmüddətli müharibələrdə məğlub olduğu da tarixdən məlumdur. 
 
Məsələn, 10 ilə yaxın davam edən Əfqanıstan müharibəsi SSRİ-nin resurslarını tükəndiriv və 1989-cu ildə qoşunların çıxarılması ilə başa çatıb. Bundan cəmi iki il sonra Sovet İttifaqı tamamilə dağılıb. Qərb rəsmilərinə görə, Rusiya bu gün Ukraynada Əfqanıstan kampaniyasından on dəfələrlə artıq itki verib.
 
Ukrayna XİN-dən sərt reaksiya
 
Medinskinin "qardaş münaqişəsi" ritorikasına Ukrayna Xarici İşlər Nazirliyi dərhal cavab verib. Nazirliyin sözçüsü Georgi Tixiy bildirib: "Rusiyanın ukraynalılara qardaş deməsi onun imperialist niyyətlərini gizlətmək cəhdidir. Əgər Rusiya hansısa Mərkəzi və ya Şərqi Avropa xalqına "biz sizin qardaşınızıq" deyirsə, bu hekayədə o, artıq əlində daş tutmuş Qabildir".
 
Medinskinin digər açıqlamaları
 
Qeyd edək ki, bundan öncə  Medinski Rusiya-Ukrayna müharibəsini Qarabağ münaqişəsi ilə də müqayisə edib, bu zaman Qarabağı "mübahisəli ərazi" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu bəyanatı kəskin şəkildə pisləyib və onu "uyğunsuz və əsassız" adlandırıb.
 
Bundan əlavə, Medinski Ukraynanın guya Rusiya sərnişin qatarını partlatmasından sonra Rusiya cəmiyyətində Kiyevə və Lvova qarşı "Oresnik" adlı raket zərbələri ilə bağlı tələb artdığını da bildirib. "Vətəndaşlar deyir ki, danışmaq bəsdir, artıq Oresnik"lə Kiyevi və Lvovu vurmaq lazımdır. Bu baxımdan bizim vəziyyətimiz çətindir", - o, qeyd edib.
Chosen
73
moderator.az

1Sources