EN

ABŞ və İran arasında NƏ BAŞ VERİR?- “Belə davam etsə…”

“ABŞ və İran arasında keçirilən danışıqlardan belə anlaşılır ki, tərəflər arasında anlaşma ehtimalı o qədər də yüksək deyil. Çünki ABŞ İranın nüvə proqramının tamamilə dayandırılmasını tələb edir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Ağ Ev hesab edir ki, İran hətta sülh məqsədləri üçün belə uranın zənginləşdirilməsi hüququna malik olmamalıdır:

“İran dövləti hesab edir ki, uranın zənginləşdirilməsi məsələsi İranın daxili işidir və kənar dövlətlər buna qarışmamalıdır. Rəsmi Tehranın qərarı ondan ibarətdir ki, İran uranı zənginləşdirmək hüququna sahibdir. Bu baxımdan hesab etmək olar ki, danışıqlar prosesinin neçənci raundu keçirilsə də anlaşma ehtimalı o qədər də inandırıcı deyil.

Digər tərəfdən rəsmi Tehran ABŞ-in indiki durumunu da nəzərə alır. Çünki Tramp administrasiyası ABŞ-ın qlobal məkandakı mövqelərini ciddi şəkildə sarsıdıb. ABŞ-ın müttəfiqləri ilə olan münasibətlərinin pozulma mərhələsində olduğunu nəzərə alır. Digər tərəfdən ABŞ-da daxili böhran təhlükəsi inkişaf edir. Ona görə də İran danışıqlar prosesini mümkün qədər uzatmaqda maraqlıdır. Bu halda situasiyanın İranın xeyrinə dəyişəcəyinə ümid bəsləyir. Belə ehtimal etmək olar ki, hər iki tərəf öz mövqeyində israrlı ola bilər. Bu halda da İranın nüvə proqramı üzərində aparılan bu danışıqlar prosesinin iflasa uğrama ehtimalı kifayət qədər yüksəkdir. Bu baxımdan ABŞ və İran arasındakı danışıqlar prosesinin uğur qazanma ehtimalına ümid bəsləmək çətindir”.

//Gülnarə Abasova, Editor.az

Chosen
28
editor.az

1Sources