EN

Daşkənddə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə böyük konsert keçirilib



Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Daşkənddəki Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrın birgə təşkilatçılığı ilə böyük Azərbaycan bəstəkarı, musiqişünas-alim, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə böyük konsert keçirilib.

Newscenter.az xəbər verir ki, konsertdə Azərbaycandan xüsusi olaraq dəvət olunan incəsənət xadimləri və Özbəkistan musiqiçiləri iştirak edib. Ölkəmizin Özbəkistandakı səfirliyinin müşaviri Fariz Məmmədov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb və bu bir daha təsdiq edir ki, ölkəmizdə böyük bəstəkara hörmət sonsuzdur. O bildirib ki, “Leyli və Məcnun” operasını yazmaqla müsəlman Şərqində ilk operanın əsasını qoyan bəstəkarın “Koroğlu” operası, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları milli musiqimizin zirvələri sayılır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli öz çıxışında bildirib ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. O, Azərbaycan bəstəkarlıq məktəbinin banisi, milli musiqi xəzinəsini nadir forma və janrlarla zənginləşdirən novator sənətkardır. Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün
Türk dünyasının mədəniyyətinə böyük töhfə verib. Onun yaradıcılığı Azərbaycan musiqisini dünya səviyyəsinə qaldırmaqla yanaşı Özbəkistanda musiqi və teatr
sənətinin inkişafına da töhfə verib. Onun tərtib etdiyi Azərbaycan xalq musiqisinin elmi
əsaslarla öyrənilməsi və notlaşdırılması milli musiqi məktəbinin formalaşmasında
mühüm rol oynamışdır.

A.Marifli deyib: “Təsadüfi deyil ki, hələ ötən əsrin əvvəllərindən başlayaraq dahi
bəstəkarın əsərləri dəfələrlə Daşkənddə, Səmərqənddə, Buxarada səhnəyə qoyulub və
bu da özbək milli teatrının formalaşmasına ciddi təsir göstərib”.

Teatrın baş rejissoru Heydərəli Qasımov belə bir musiqi bayramını təşkil etdiyinə
görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkürünü
bildirib. O deyib ki, ölkəmizdə Azərbaycan musiqisi, muğamları çox sevilir, Özbəkistanda
elə bir şənlik, elə bir toy olmaz ki, orada Azərbaycan musiqisi səslənməsin. Təxminən iki saat davam edən konsert Üzeyir Hacıbəylinin məşhur “Koroğlu” operasının uvertürası ilə başlayıb.

Konsertə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru
Mustafa Mehmandarov dirijorluq edib.

Musiqi bayramında Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Nigar Cəfərova, Atəş Qarayev, eləcə də Özbəkistanın Xalq artisti Səməndər Alimov və solist Malikə Normatovanın ifasında “Koroğlu” operasından Nigarın ariyası, “Sevgili canan”
romansı, “Arşın mal alan” operettasından Əsgərin ariyası, “Nərgiz” operasından
Nərgizin ariyası, “Koroğlu” operasından Koroğlunu ariyası, “Arşın mal alan”
operettasından Əsgərlə Gülçöhrəninn dueti səslənib.

Bundan başqa konsertdə Müslüm Maqomayevin “Təntənəli marş” əsəri, Soltan
Hacıbəyovun “Karvan” simfonik suitası, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”,
Süleyman Yudakovun “Xarəzm bayram yürüşü” və digər əsərlər də ifa edilib.
Konsertdə səslənən bütün musiqi nömrələri tamaşaçıların sürəkli alqışları ilə
müşayiət olunub.

Musiqi bayramında səfirliyimizin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri,
musiqisevərlər, ictimaiyyətin nümayəndələri iştirak edib.

Süleyman
Chosen
45
18
newscenter.az

10Sources