2025-cü ilin I rübündə istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub. Bu barədə Azərbaycan Mərkəzi Bank tərəfindən keçirilən “2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri”ndə bildirilib.
Qeyd edilib ki, respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğunun nəticələri göstərir ki, sərtləşmə özünü əsasən iki istiqamətdə biruzə verir: kreditlərin maya dəyərinin artması və komissiya haqlarının yüksəlməsi. Bu isə faktiki olaraq kredit götürən şəxslərin daha yüksək faizlər və əlavə xərclərlə üzləşməsi deməkdir. Mütəxəssislər hesab edirlər ki, kredit standartlarında sərtləşmənin bir neçə əsas səbəbi var. Birincisi, son illərdə qlobal və regional maliyyə bazarlarında artan qeyri-müəyyənlik, inflyasiya və maliyyələşmə xərclərinin yüksəlməsi bankların risklərə qarşı daha ehtiyatlı davranmasına səbəb olub. İkincisi, banklar risklərini minimuma endirmək və mümkün defolt hallarının qarşısını almaq üçün daha sərt şərtlərlə kredit verməyə üstünlük verirlər. Üçüncüsü isə tənzimləyici orqanların, xüsusilə AMB-nin maliyyə sabitliyini qorumaq məqsədilə bank sektoruna qoyduğu müəyyən tələblərdir. Bütün bu faktorlar kreditlərin ümumi dəyərini artırır və nəticədə vətəndaş üçün borclanmaq daha baha başa gəlir.
Amma maraqlı məqamlardan biri ondan ibarətdir ki, standartların sərtləşməsinə və xərclərin artmasına baxmayaraq, istehlak kreditlərinə olan tələbdə nəzərəçarpacaq azalma qeydə alınmayıb. Mərkəzi Bankın sorğusuna əsasən, 2025-ci ilin I rübündə ümumi istehlak kreditlərinə və kredit kartlarına tələbdə ciddi dəyişiklik baş verməyib.
Əksinə, banklar növbəti rübdə ümumi istehlak kreditlərinə olan tələbin artacağını proqnozlaşdırırlar. Bu, ölkə əhalisinin maddi ehtiyaclarının artdığını və gündəlik tələbat üçün əlavə maliyyə vəsaitlərinə ehtiyac duyduğunu göstərir. Lakin kredit kartlarına marağın sabit qalması, bu maliyyə alətinə qarşı müəyyən ehtiyatlı yanaşmanın davam etdiyini göstərir. Mümkündür ki, bu, həm yüksək faizlər, həm də plastik kartlarla bağlı əlavə risklərin (məsələn, ödəniş gecikmələrinə görə cərimələr) mövcudluğu ilə bağlıdır.
İqtisadçı ekspertlər hesab edirlər ki, bank sektorunda tətbiq edilən sərtləşmə siyasəti müəyyən qədər zəruri olsa da, uzunmüddətli dövrdə iqtisadi aktivliyə mənfi təsir edə bilər. Çünki istehlak kreditləri yalnız fərdi vətəndaşların deyil, eyni zamanda ümumi iqtisadiyyatın dinamikliyini təmin edən mühüm alətlərdən biridir. Əgər vətəndaşlar borclanmaq imkanından məhrum edilərsə, bu, daxili bazarda tələbin azalmasına, nəticədə isə biznesin və istehsalın daralmasına səbəb ola bilər.
2025-ci ilin ilk rübü göstərir ki, bank sektoru kreditləşmə siyasətində daha ehtiyatlı və mühafizəkar yanaşmaya üstünlük verir. Növbəti rüblərdə də bu meylin davam edəcəyi proqnozlaşdırılır. Bu isə hökumət, Mərkəzi Bank və bank sektorunun birgə şəkildə daha balanslı və inklüziv kredit siyasəti yürütməsinin vacibliyini göstərir. Kredit standartları sərtləşdikcə sosial təbəqələr arasında maliyyə imkanları baxımından fərqlər də arta bilər. Bu baxımdan, kredit bazarının davamlı inkişafı üçün tənzimləyici və təşviqedici mexanizmlərin paralel şəkildə tətbiq olunması zəruri hesab edilir.
Kreditlərin maya dəyərinin baha olmasına münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, əsas səbəb kredit vermək üçün cəlb edilən resursların bahalığıdır: “Yəni bank əmanətləri üzrə faizlər yüksəkdir. Biznesdə istənilən məhsulun satış qiyməti onun maya dəyərinə əsasən formalaşır. Yəni maya dəyərinin ucuzlaşması sahibkara məhsulun satış qiymətini də ucuzlaşdırmağa imkan verir. Maya dəyəri baha olduqda isə müştəriyə təklif edilən məhsul da bahalaşır”.
Ekspert deyib ki, eyni vəziyyəti kredit məhsullarına da şamil etmək olar. Məsələn, bank əgər 10-12 faizlə əmanət cəlb edirsə, belə olan təqdirdə, o, krediti də yüksək faizlə verəcək.
Ə.Həsənov faiz dərəcəsinin çox olmasının digər səbəbini kreditin qaytarılmama ehtimalının yüksək olmasında görür: “Banklarda kredit riskinin çox olması faiz dərəcələrinin artırılmasına gətirib çıxarır. Bu gün ölkə iqtisadiyyatında risklərin, o cümlədən institusional risklərin yüksək olması verilən kreditlərin geri qayıtma ehtimalını aşağı salır. Bu da həm bankları vəsaitlərini sığortalamaq məqsədilə kredit faizlərini artırmağa vadar edir, həm də onların iqtisadiyyatı kreditləşdirmə marağını azaldır”.