EN

Azərbaycan Universitetində Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində qeyd olunub ki, Xocalı soyqırımında sonra yaşanan hadisələrin gedişatı, Azərbaycan dövlətinin sürətli və hərtərəfli inkişafı, Qarabağ Zəfəri və davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri güclü olan xalqların tarix boyu faciəli günlərdən keçdiyini sübut edir. Aradan keçən 33 il ərzində Azərbaycan xalqının həyatında mühüm hadisələr və dəyişikliklər baş verib. İşğalçı Ermənistan ordusu ölkə ərazisindən çıxarılıb, Azərbaycan indi özünün bütün dövlət sərhədlərinə nəzarət edir. Azərbaycan xalqı öz suverenliyinin bərpasını da, ərazi bütövlüyünün və suverenliyin bərpası uğrunda şəhid olan övladlarını da, Xocalı soyqırımının günahsız qurbanlarını da heç vaxt unutmayacaq.

Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov, Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik, hərbi ekspert Rizvan Hüseynov və Dövlət Məşğulluq Agentliyinin Proseslərin koordinasiyası şöbəsinin müdiri Səbuhi Yunuslunun məruzələri dinlənilib. Məruzələrdə Xocalıda aparılan bərpa-quruculuq işləri və əhalinin məşğulluğunun təmin edilməsi haqqında məlumat verilib.

Qeyd edək ki, universitetin sərgi zonasında “Xocalı soyqırımı jurnalistlərin obyektivində” adlı fotosərgi də təşkil olunub. Sərgidə yerli və xarici jurnalist və fotoqrafların faciədən dərhal sonra Xocalı və Ağdamda çəkdikləri şəkillər nümayiş olunur.

 

Chosen
121
20
azertag.az

10Sources