AZ

"Ucuz ehtiyat hissələri şübhə doğurmalıdır"

Avtomobillərin ehtiyat hissələri bazarında saxta məhsulların sayı getdikcə artır. Bu isə həm sürücülərin əlavə xərc çəkməsinə, həm də yol hərəkəti təhlükəsizliyinə ciddi risklər yaradır. Bəs saxta ehtiyat hissələrini orijinal məhsullardan ayırd etmək mümkündürmü və alıcılar nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, saxta ehtiyat hissələrini müəyyən etmək mümkündür, amma bunu hər zaman gözlə baxıb dəqiq demək olmur:



"İlk növbədə hissənin haradan alınmasına diqqət yetirilməlidir. Rəsmi dilerdən və ya etibarlı təchizatçıdan alınan məhsullarda saxta çıxma ehtimalı daha az olur. Eyni zamanda bazar qiymətindən xeyli ucuz təklif olunan hissələr də şübhə yaratmalıdır. Son illərdə istehsal olunan bəzi saxta hissələr xarici görünüşünə görə orijinal məhsullara çox bənzəyir.

Məhsulun üzərindəki ehtiyat hissə nömrəsi, OEM nömrəsi, barkod və digər identifikasiya məlumatları yoxlanılmalıdır. Qablaşdırmanın keyfiyyəti, çapın dəqiqliyi və markalanmaların aydınlığı da müəyyən fikir formalaşdırmağa kömək edir.

Bundan əlavə, hissənin ümumi istehsal keyfiyyətinə diqqət yetirmək lazımdır. Materialın keyfiyyəti, səth emalı, ölçü dəqiqliyi və markalanmaların işlənmə səviyyəsi orijinal məhsullarda adətən daha yüksək olur. Lakin yalnız bunlara əsasən yekun qərar vermək düzgün deyil.

Şübhəli hallarda rəsmi servis mərkəzinin və ya təcrübəli ustanın rəyinin alınması məqsədəuyğundur.

Nəticə olaraq, saxta ehtiyat hissəsini müəyyən etmək üçün qiymət, satış mənbəyi, identifikasiya məlumatları, qablaşdırma və istehsal keyfiyyəti birlikdə qiymətləndirilməlidir. Ən etibarlı yol isə ehtiyat hissələrinin rəsmi və etibarlı təchizat kanallarından əldə edilməsidir", - deyə ekspert bildirib. 

Əfsanə Kamal
Demokrat.az


Demokrat.az
Seçilən
20
1
demokrat.az

2Mənbələr