AZ

Köhnə nömrə başınıza iş aça bilər — AÇIQLAMA

Mobil nömrələrin alınıb-satılması və ya başqa şəxslərə verilməsi kifayət qədər geniş yayılmış hallardandır. Lakin nömrənin rəsmi qeydiyyatının dəyişdirilməməsi gələcəkdə müəyyən problemlər yarada bilər.

Bəs telefon nömrəsini addan-ada keçirməməyin hansı riskləri var?

Məsələ ilə bağlı hüquqşünas Fərhad Mehdiyev Demokrat.az-a bildirib ki, bu məsələ hər zaman risk yaratmır:

"Ancaq nəzərə almaq lazımdır ki, nömrə əvvəlki sahibinin adından yeni sahibin adına keçirilməyibsə, bu müəyyən problemlərə səbəb ola bilər. Məsələn, həmin telefon nömrəsi hansısa cinayət xarakterli fəaliyyətdə istifadə olunarsa, ilk növbədə nömrənin rəsmi olaraq kimin adına qeydiyyatda olduğu araşdırılır. Bu halda da əvvəlcə həmin şəxs izahat verməyə çağırıla bilər. Əlbəttə, o şəxs nömrəni başqa birinə verdiyini və ya itirdiyini bildirə bilər. Bu hallar araşdırılır. Lakin fakt odur ki, nömrənin rəsmi sahibi üçün əlavə məsuliyyət və narahatlıq yarana bilər".

O deyib ki, gündəlik həyatda da müəyyən narahatlıqlar mümkündür:

"Məsələn, nömrə addan-ada keçirilməyibsə, sizə zəng edərək əvvəlki sahibini soruşa bilərlər. Siz isə nömrəni yeni aldığınızı və həmin şəxsi tanımadığınızı izah etməli olursunuz. Bu kimi hallar vaxtaşırı baş verə bilər. Ümumilikdə isə ciddi risklərin yaranacağını düşünmürəm. Məsələn, əvvəlki sahibin banka kredit borcu varsa və həmin nömrə onun əlaqə vasitəsi kimi göstərilibsə, sonradan nömrəni alan şəxs bu borca görə heç bir mülki məsuliyyət daşımır.

Bununla belə, nömrənin əvvəlki və ya sonrakı istifadəçilərindən hər hansı biri tərəfindən hüquqazidd fəaliyyətdə istifadə olunması ehtimalı nəzəri olaraq mövcuddur. Belə hallarda istintaq orqanları telefonun faktiki istifadəçisinin kim olduğunu müəyyənləşdirə bilir. Bunun üçün nömrədən kimin istifadə etdiyi araşdırılır və maddi həqiqət ortaya çıxarılır.

Lakin araşdırma müddətində nömrənin rəsmi sahibi ifadə verməyə dəvət oluna bilər. Bu da müəyyən narahatlıq yaradan məqamlardan biridir.

Xarici ölkələrdə nömrələrin təkrar satılması və yenidən istifadəyə verilməsi geniş yayılmış praktikadır. Məsələn, ABŞ-də istifadə etdiyim nömrələrə tez-tez əvvəlki sahibini axtaran şəxslər zəng edirdi. Mən də həmin nömrəni yeni aldığımı və axtardıqları şəxsi tanımadığımı bildirirdim.

Bu, adətən ciddi problem yaratmır, lakin müəyyən qədər vaxt itkisinə və narahatlığa səbəb ola bilər", - deyə o qeyd edib.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
22
1
demokrat.az

2Mənbələr