AZ

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Akademik Əbdülkərim Əlizadə Azərbaycan şərqşünaslıq elminin banilərindən biri kimi” mövzusunda elmi sessiya keçirilib. Tədbir akademik Əbdülkərim Əlizadənin 120 illik yubileyinə həsr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun Azərbaycan elminə görkəmli alimlər bəxş etdiyini və 1958-ci ildə institut yaradılarkən onun ilk direktorunun məhz Əbdülkərim Əlizadə olduğunu deyib. G.Baxşəliyeva akademik Əbdülkərim Əlizadənin Azәrbaycan mәtnşünaslığının banisi hesab olunduğunu, onun Azərbaycanın orta əsrlər tarixinin, Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrünün tanınmış tədqiqatçısı olduğunu bildirib. Alimin mətnşünaslıq sahəsində xidmətlərindən söz açan G.Baxşəliyeva onun Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" və Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib"inin elmi-tənqidi mətnlərini hazırıladığını xüsusi qeyd edib.

Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımov elmi sessiyada “Akademik Əbdülkərim Əlizadənin elmi irsi haqqında” mövzusunda məruzə edib. Mətnşünaslıq sahəsində fəaliyyətin xüsusiyyətlərindən danışan M.Kazımov bu sahədə fəaliyyətdə zəngin təcrübənin, intuisiyanın xüsusi rolunun olduğunu bildirib. O, akademik Əbdülkərim Əlizadədə bu xüsusiyyətlərin yüksək səviyyədə olduğunu və bunun da nəticəsində elmə öz dəyərli töhfələrini verdiyini qeyd edib. Alimin mətnşünaslıq sahəsində ən önəmli işinin Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" əsərinin elmi-tənqidi mətnini hazırlaması olduğunu deyən professor bu ensiklopedik əsərdə Orta Şərq ölkələri, o cümlədən Azərbaycan haqqında geniş məlumatın əks olunduğunu bildirib. Həmçinin XIV əsr alimi Məhəmməd İbn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərinin elmi-tənqidi mətnini hazırlamasını qeyd edərək, akademikin elə bu iki işinin adını Azərbaycanın elm tarixinə qızıl hərflərlə yazmağa yetərli olduğunu bildirib. Məruzəçi Əbdülkərim Əlizadənin Nizamişünaslıq sahəsində fəaliyyətini xüsusi qeyd edib.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Gülər Qafqazlı elmi sessiyada “Akademik Əbdülkərim Əlizadə Azərbaycanın hüdudlarından kənarda” mövzusunda məruzə edib. Alimin orta əsr Azərbaycanı, Elxanilər dövrü, monqol hakimiyyəti və farsdilli tarixi mənbələrin tədqiqi sahəsində xidmətlərindən danışan G.Qafqazlı onun bu fəaliyyətinin beynəlxalq şərqşünaslıq elmi tərəfindən də yüksək qiymətləndirildiyini bildirib. Yapon şərqşünası Siyiçi Kitiqavanın onun əsərlərini “sovet şərqşünaslığının ciddi elmi nailiyyətlərindən biri” kimi xarakterizə etdiyini deyən məruzəçi müasir tarixçi Harun Yılmazın isə akademik Əbdülkərim Əlizadəni sovet dövründə Azərbaycan milli tarix konsepsiyasının formalaşdırılmasında əsas simalardan biri hesab etdiyini vurğulayıb. G.Qafqazlı onun əsərlərinin fars, türk və qismən ingilis dillərinə tərcümə edilərək beynəlxalq aləmə yayıldığını vurğulayıb.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Laura Orucova və böyük elmi işçi tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova akademik Əbdülkərim Əlizadə haqqında xatirələrini bölüşüblər.

Seçilən
16
1
azertag.az

2Mənbələr