AZ

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Qərbi Azərbaycana qayıdış ideyasının elmi təminatı istiqamətində fəaliyyət göstərən əsas qurumlardan biridir. Qərbi Azərbaycana qayıdış ideyası yalnız çağırış və ya şüar deyil.

AZƏRTAC xəbər verir ki, bunu Folklor İnstitutunun direktoru Hikmət Quliyev Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransın “Tarixi yaddaş və milli kimlik” panel müzakirəsində deyib.

O bildirib ki, son illər ərzində Qərbi Azərbaycan folklorunun toplanması, tədqiqi, nəşri və təbliği istiqamətində mühüm işlər görülüb: “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin növbəti cildləri nəşr olunub, həmçinin Dərələyəz, Göyçə, Ağbaba və İrəvan folkloruna dair toplular hazırlanıb. Bu materiallar vaxtilə həmin bölgələrdə yaşamış insanların yaddaşında qorunan folklor nümunələri əsasında toplanıb. İnstitutun alimləri Qərbi Azərbaycandan deportasiya olunmuş insanların və onların övladlarının yaşadığı bölgələrdə ekspedisiyalar aparır, onların xatirələrini, şifahi xalq yaradıcılığı nümunələrini audio və video formatda qeydə alırlar. Toplanan materiallar kitab şəklində nəşr olunmaqla yanaşı, Folklor İnstitutunun rəqəmsal bazasında da saxlanılır. Bununla da Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı gələcək nəsillər üçün qorunur”.

O əlavə edib ki, Folklor İnstitutu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti ilə birgə tədqiqatlar həyata keçirir: “Qərbi Azərbaycana həsr olunmuş respublika elmi konfranslarında yüzlərlə məruzə təqdim olunub, bölgənin tarixi, toponimikası, dili və folkloru müxtəlif aspektlərdən araşdırılıb. Rəqəmsal dövrdə tarixi yaddaşın qorunması xüsusi əhəmiyyət daşıyır və Qərbi Azərbaycana dair məlumatların elektron resurslarda artırılması istiqamətində işlər davam etdirilir”.

Müxbir - Aysel Azadqızı

Seçilən
15
azertag.az

1Mənbələr