AZ

Bakıda həmkarlarına qarşı dələduzluqlar edən müəllimlərə HÖKM OXUNDU

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Mustafayeva Məlahət, Şamilova Tahirə, Cəfərova Təranənin bir qrup şəxsə qarşı dələduzluq ittihamı ilə cinayət işinə dair məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilənlərdən Məlahət Mustafayevanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini, Tahirə Şamilova və Təranə Cəfərovaya ayrılıqda 5 il şərti həbs cəzasına məhkum olunmasını elan edib.

İttihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girib bir qrup müəllimə qarşı dələduzluq ediblər.

Təranə Cəfərova zərərçəkmiş şəxslərə Tahirə Şamilova və Məlahət Mustafayevanın Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib, onların inamını qazanmağa nail olub. Müəllimlərin işə qəbul edilməsinə, yüksək bal toplamalarına dair sertifikasiya verməyə, bəzi müəllimlərin iş yerinin dəyişdirilməsinə, ali məktəbə məzun qəbul etdirə bilmələrinə dair yalan vədlər veriblər.

İstintaq sənədlərində göstərilib ki, T.Cəfərova Azərbaycan dili və ədəbiyyat müəllimi Sona Rəhimlini 88 saylı orta məktəbə işə qəbul etdirəcəklərini söyləyib. Digər təqsirləndirilən T.Şamilova ilə birlikdə sövdələşərək bu işin düzəlməsi üçün zərərçəkmişdən 16 min manat istəyib. Əvvəl 10 min manatı, iş düzələndən sonra isə qalan 6 min manatı almağa razılaşıblar.

Onlar 2024-cü ilin mayında zərərçəkmişdən 10 min manat alıblar. Lakin vədlərinə əməl etməyiblər.

Bundan başqa, təqsirləndirilən şəxslər Binə qəsəbəsində digər Azərbaycan dili və ədəbiyyat müəllimi Nuridə Hüseynovanı həmin qəsəbədə orta məktəblərdən birinə işə düzəldəcəklərinə dair yalan vəd veriblər. N.Hüseynova onların təklifini həyat yoldaşı Əşrəf Hüseynova deyib. Ər-arvad məsləhətləşdikdən sonra təqsirləndirilən şəxslərlə razılaşıblar, işin düzəlməsi üçün 16 min manat veriblər.

Daha sonra təqsirləndirilənlər rus dili müəllimi Ayna Bayramova ilə onu 149 saylı orta məktəbə işə qəbul etdirəçəkləri barədə razılığa gəliblər. Ondan 2024-cü ilin iyun ayında 15 min manat alıblar.

Bundan əlavə, onlar texnologiya müəllimi Şirin Qafarovanın işlə təmin olunması üçün bacısı Günayla birlikdə görüşüblər. Razılığa gəldikdən sonra bacılardan 10 min manat alıblar. Tarix müəllimi Nəsimi Kərimovdan isə Binə qəsəbəsində olan orta məktəbdəki iş yerindən yaşayış yeri üzrə Xətai rayonunda yerləşən orta məktəblərdən birinə dəyişdiriləcəyi adı ilə 12 min manat alıblar.

İttihamda göstərilib ki, daha bir neçə nəfəri eyni üsulla aldadılıb. Müttəhimlər bir neçə nəfəri isə ali məktəbə qəbul etdirmək adı ilə dələduzluq ediblər.

Cinayət işi üzrə ziyanın ümumi məbləği 160 min 500 manat həcmindədir.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
lent.az

1Mənbələr