AZ

Çexiyada xarici təsirin təhlükə kimi qavranılması araşdırılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Praqa, 3 iyun, AZƏRTAC

Çexiyada aparılan yeni araşdırma göstərib ki, ölkə əhalisi xarici qüvvələrin ictimai rəyə təsirini təhlükəsizlik baxımından ciddi təhdid hesab edir. STEM agentliyinin və “Charles University”nin sosiologiya fakültəsinin birgə tədqiqatının nəticələrinə görə, xarici təsir riski çexlərin təhlükəsizlik narahatlıqları sırasında terrorizm və iqlim dəyişikliyini qabaqlayır.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ictimaiyyət “xarici təsir” anlayışını geniş mənada qəbul edir və bunun mənbəyi kimi təkcə dövlətləri deyil, beynəlxalq təşkilatları da görür.

Araşdırmanın müəlliflərindən biri olan Voytex Bagenskinin fikrincə, geosiyasi gərginliyin artması dövlətlərin xaricdə ictimai rəyə təsir göstərmək motivasiyasını gücləndirir.

Sorğuda iştirak edənlər Çexiya ictimaiyyətinə təsir göstərməyə çalışan tərəflər arasında ən çox Ukrayna və Avropa İttifaqını qeyd ediblər. Onlardan sonra Rusiya və Amerika Birləşmiş Ştatları gəlir. Respondentlər bəzən xarici siyasətçilərin çıxışlarını və beynəlxalq hadisələrin nəticələrini də xarici təsirin tərkib hissəsi kimi qiymətləndirirlər.

Nəticələrə əsasən, Rusiyanın təsiri əsasən mənfi, Çin, Ukrayna və İsrailin fəaliyyəti isə daha çox mənfi qarşılanır. NATO, Almaniya və Slovakiyanın təsiri isə nisbətən müsbət qiymətləndirilir. Sorğuya görə, əhalinin 37 faizi Çexiyadakı seçkilərin xarici dövlətlərin təsirinə güclü və ya müəyyən dərəcədə məruz qaldığını düşünür.

Tədqiqatın müəllifləri bunun real vəziyyətin deyil, ictimai rəyin göstəricisi olduğunu vurğulayıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr