AZ

Dünya Bankı TC-GATE layihəsi üçün 372 milyon dollar ayırıb

Tbilisi, 3 iyun, AZƏRTAC

Dünya Bankının İcraçı Direktorlar Şurası Avropa ilə Asiyanı birləşdirən regional və ticarət marşrutunun Gürcüstan hissəsinin səmərəliliyini və dayanıqlığını artırmağı hədəfləyən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Gürcüstan Əlçatanlığı və Nəqliyyatın Təkmilləşdirilməsi Layihəsi (TC-GATE) üçün 372 milyon dollarlıq maliyyələşdirməni təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Bankın məlumatına görə, bu layihə ölkədə dəmir yolu yük daşımalarının həcminin artırılmasını, əsas yol hissələrinin modernləşdirilməsini, eləcə də dəmir yolu və yol qurumlarının məqsədyönlü islahatlarını maliyyələşdirəcək və bununla da dəhliz boyunca mövcud infrastruktur maneələrini aradan qaldıracaq.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib ki, bu investisiyalar Gürcüstana Avropa və Asiyanı birləşdirən mühüm tranzit mərkəzi kimi tam potensialını reallaşdırmağa kömək edəcək, eyni zamanda, artan qlobal ticarət axınları və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti ilə əlaqədar olaraq Transxəzər Nəqliyyat Dəhlizinə artan tələbata cavab verəcək.

O bildirib ki, Dünya Bankı Qrupu, inkişaf tərəfdaşları ilə birlikdə, vacib dəmir yolu və avtomobil yollarının modernləşdirilməsi və idarəetmə institutlarının gücləndirilməsi üçün islahatları dəstəkləməklə Gürcüstana və dəhliz boyunca yerləşən digər ölkələrə daha yaxşı nəqliyyat əlaqələri, daha təhlükəsiz və dayanıqlı nəqliyyat, daha çox iş yeri və güclü iqtisadi imkanlar vasitəsilə vətəndaşlar üçün real faydalar yaratmağa kömək edir.

Dünya Bankının məlumatına görə, genişmiqyaslı TC-GATE layihəsinin ümumi dəyəri 750 milyon dolları keçib. Dünya Bankı Qrupu isə 372 milyon dollar təmin edib, qalan hissəni isə Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (AİB) birgə maliyyələşdirəcək. Bu həm Gürcüstanın bağlantı ambisiyalarına, həm də ümumilikdə Transxəzər Nəqliyyat Dəhlizinin inkişafına güclü çoxtərəfli dəstəyin olduğunu göstərir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 
Seçilən
26
1
azertag.az

2Mənbələr