AZ

Bakı-Tbilisi-Qars və Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma imkanlarını artıracaq - ADY

Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi və gələcəkdə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək.
Bu fikirləri “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən Translogistika Xəzər Forumunda çıxışı zamanı səsləndirib.

Emil Məmmədovun sözlərinə görə, Azərbaycan üzərindən keçən beynəlxalq tranzit dəhlizləri bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də geniş müzakirə olunur.


ADY rəsmisi qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti aparılan yenidənqurma və modernləşdirmə işlərindən sonra illik 1 milyon tondan 5 milyon tona çatdırılıb.


“Dünən Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi ilə bağlı rəsmi tədbir keçirildi. Bu, xəttin tam gücü ilə fəaliyyətə başlaması deməkdir və Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq”, - o vurğulayıb.


Emil Məmmədov Zəngəzur dəhlizinin də regionun nəqliyyat potensialını artıracaq əsas layihələrdən biri olduğunu bildirib.


“Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq mühüm bağlantılardan biri də Zəngəzur dəhlizidir. Bu layihə Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq və ölkə üzərindən daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq”, -ADY sədrinin müşaviri qeyd edib.


O əlavə edib ki, forum çərçivəsində keçirilən panel müzakirələri və işgüzar görüşlər nəqliyyat və logistika sahəsində mövcud infrastrukturdan daha səmərəli istifadə olunması, yeni əməkdaşlıqların qurulması və qlobal dəyişikliklərə uyğun həllərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.


Emil Məmmədovun sözlərinə görə, bu cür beynəlxalq platformalar nəqliyyat, tranzit və logistika sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirir.

Gülnar Nazimqızı 

Seçilən
24
anews.az

1Mənbələr