AZ

GECF baş katibi: Hörmüz kimi şoklar enerji strategiyalarını dəyişməyə məcbur edir

Enerji sektoruna təsir edən geosiyasi böhranlar artıq nadir hadisələr deyil və dünya yeni reallığa uyğunlaşmalıdır.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Filip Mşelbila deyib.

Onun sözlərinə görə, əvvəllər enerji bazarına təsir edən böyük geosiyasi hadisələr onilliklər ərzində bir dəfə baş verirdisə, indi bu cür böhranlar hər 1-2 ildən bir təkrarlanır.

“Geosiyasi hadisələr hər zaman enerji sisteminə təsir etmir. Lakin təsir etdikdə bunun nəticələrini bütün dünya hiss edir. Fərq ondadır ki, bu gün belə hadisələr artıq istisna deyil, normaya çevrilib”, – deyə o bildirib.

Filip Mşelbila qeyd edib ki, son böhranlar yalnız neft və qaz bazarlarına deyil, həm də mikroçiplərin istehsalında istifadə olunan helium təchizatına, gübrə istehsalına və qlobal iqtisadiyyata təsir göstərir.

Onun sözlərinə görə, enerji bazarlarının əsas reaksiyası mənbələrin, marşrutların və enerji balansının şaxələndirilməsi olur.

GECF baş katibi vurğulayıb ki, bir çox ölkələr enerji təhlükəsizliyini gücləndirmək üçün yeni təchizat mənbələri axtarır, nüvə enerjisinə marağı artırır və bərpa olunan enerji layihələrini sürətləndirir.

“Bu şoklar artıq nəsildə bir dəfə baş verən hadisələr deyil. Buna görə də strategiyalarımız, siyasətlərimiz və infrastruktur planlarımız daimi riskləri nəzərə almalıdır”, – deyə Filip Mşelbila əlavə edib.

Onun sözlərinə görə, yeni şəraitdə ölkələr arasında əməkdaşlıq və enerji infrastrukturlarının qarşılıqlı əlaqələndirilməsi enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayacaq.

Seçilən
16
apa.az

1Mənbələr