AZ

​“Qalatasaray” məşhur jurnalisti tutdurmaq istəyir

Türkiyənin tanınmış idman şərhçisi, sabiq hakim Erman Toroğlu haqqında məhkəmə iddiası qaldırılıb. Prokurorluq məşhur jurnalist üçün 3 ilə qədər həbs cəzası tələb edir.
Metbuat.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə "Galatasaray" İdman Klubu və "Galatasaray Sportif A.Ş." "zərərçəkmiş", Erman Toroğlu isə "şübhəli" qismində yer alıb. Türkiyə mediasında yer alan xəbərə görə, sözügedən cinayət işinin açılmasına səbəb Erman Toroğlunun 8 fevral tarixində qatıldığı televiziya proqramında səsləndirdiyi iddialar olub. O, "Galatasaray" Klubunun prezidenti Dursun Özbek ilə Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu arasında gizli bir görüşün keçirildiyini və bu görüşdə idman ictimaiyyətindən gizlədilən bəzi məsələlərin danışıldığını iddia etmişdi. İttiham aktında bildirilir ki, Toroğlu cəmiyyət tərəfindən yaxından izlənilən futbol mövzusunda rəsmi qurumların açıqlamalarından kənar, həqiqətə uyğun olmayan məlumatlar yayıb. Onun bu addımla xalq arasında narahatlıq, qorxu və panika yaratmaq məqsədi güddüyü, dövlət qurumlarına olan güvəni sarsıtmağa çalışdığı qeyd olunub.Səsləndirilən fikirlərin geniş auditoriyaya çatması səbəbindən cinayətin "aşkar şəkildə törədildiyi" vurğulanıb. İttihamnaməyə əsasən, Erman Toroğlunun "Xalqı çaşdırıcı məlumatları aşkar şəkildə yayma" maddəsi ilə 1 ildən 3 ilə qədər həbsi tələb olunur.

Məşhur şərhçinin yaxın günlərdə hakim qarşısına çıxacağı gözlənilir.

Seçilən
35
30
metbuat.az

10Mənbələr