AZ

Tramp Bakıya səfir göndərir, 7 mərhələdən keçəcək

ABŞ Prezidenti Donald Tramp Aleksandr Oldeni Azərbaycana səfir vəzifəsinə namizəd irəli sürüb. ABŞ qanunvericiliyinə görə səfir təyinatı, təsdiqlənməsi və vəzifəsinin icrasına başlamasına qədər olan proses mərhələlərdən keçir və nə qədər müddət çəkə bilir? Donald Trampın Aleksandr Oldenin namizədliyini ABŞ Senatına təqdim etməsi prosesin yalnız ilk mərhələsidir. Ağ Evin 1 iyun 2026-cı il tarixli məlumatına görə, onun namizədliyi artıq rəsmi olaraq Senata göndərilib.

Musavat.com bildirir ki, ABŞ-də səfir təyinatı bir neçə mərhələlərdən keçir.

Birinci mərhələ Prezidentin namizədi irəli sürməsi və bu barədə rəsmi olaraq Senata təqdimat göndərməsidir. ABŞ Konstitusiyasına görə səfirləri prezident namizəd göstərir. Namizədlik rəsmi şəkildə Senata göndərilməlidir.

İkinci mərhələ Senatın Xarici Əlaqələr Komitəsində səfir vəzifəsinə irəli sürülən namizədlə bağlı araşdırmanın aparılmasıdır. Namizədlik əvvəlcə Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən nəzərdən keçirilir. Bu mərhələdə namizədin tərcümeyi-halı araşdırılır, maliyyə bəyannamələri yoxlanılır, təhlükəsizlik və etik yoxlamalar aparılır, namizəd açıq dinləmələrdə senatorların suallarını cavablandırır. Üçüncü mərhələ Komitənin səsverməsidir. Komitə namizədliyi irəli sürülən şəxslə bağlı rəyi Senatın plenar iclasına göndərir. Dördüncü mərhələ Senatda təsdiqlənmə prosesidir. Bu mərhələdə bütün Senat namizədliyi səsə qoyur. Hazırkı qaydalara görə səfirlərin təsdiqi üçün sadə səs çoxluğu kifayətdir. 51 faiz səs və ya bərabərlik halında vitse-prezidentin səsi kifayət edir. Kifayət edəcək qədər səs toplayan namizədlə bağlı beşinci mərhələ başlayır. Bu mərhələ ölkə Prezidentinin səfiri rəsmi təyin etməsidir. Senat təsdiqlədikdən sonra prezident təyinat sənədini imzalayır və namizəd rəsmi olaraq səfir statusu alır. Bundan sonra məsələ qalır səfirə təyin olunan ölkə tərəfindən aqreman verilməsinə. Bu, altıncı mərhələdir. Praktikada ABŞ səfirinin fəaliyyətə başlaması üçün təyin olunduğu ölkənin hökuməti aqreman verməlidir. Bu, qəbul edən dövlətin həmin şəxsi səfir kimi qəbul etdiyini bildirən diplomatik razılıqdır. Adətən bu proses namizədlik ictimai elan olunmazdan əvvəl və ya paralel şəkildə həll edilir.

Aqreman verildiyi halda yeni səfir təyin olunduğu ölkəyə gəlir və etimadnaməsini ölkənin prezidentinə təqdim edir. Bu isə sonuncu 7-ci mərhələ hesab olunur. ABŞ Dövlət Departamentinin praktikasına görə səfir məhz etimadnaməni təqdim etdiyi gün vəzifəsinin icrasına başlamış hesab olunur. Bütün bu prosesin nə qədər çəkə biləcəyinə gəlincə, qanunvericilikdə konkret müddət qeyd olunmayıb. Sürətli təsdiq hallarında proses 1-3 ay, orta hesabla 3-6 ay, siyasi mübahisələr və ya Senatda gecikmələr olarsa 6-12 ay və ya daha uzun müddətə çəkə bilər. ABŞ təcrübəsində bəzi səfir namizədləri illərlə təsdiq gözləyiblər. Əgər Trampın təqdim etdiyi səfirliyə namizəd Aleksandr Aldenlə bağlı Senatın Xarici Əlaqələr Komitəsi yay ərzində dinləmələri keçirsə və ciddi siyasi maneə yaranmazsa, onun 2026-cı ilin yay sonu və ya payızın əvvəlində Bakıda fəaliyyətə başlaması mümkündür. Lakin bu, Senatın iş qrafikindən və təsdiq prosesinin sürətindən asılı olacaq.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr