AZ

Ağdamda Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

01 iyun 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayonu üzrə təhsil sektorunun müdiri Tahir Abbasov, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazilərin, aztəminatlı ailələrin övladları və təhsil aldıqları məktəblərdə yüksək nailiyyət göstərmiş şagirdlər iştirak etmişlər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər uşaqların bayramını təbrik edərək ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilməsindən, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından, həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqların rifahının yüksəldilməsi, onların keyfiyyətli təhsil alması, sağlamlığının qorunması və hüquqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərindən bəhs etmişlər.

Tədbirin gedişində “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, Ağdam Musiqi Kollecinin müəllimlərinin və rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivlərinin ifasında müxtəlif musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir. Tədbirin sonunda şəhidlərin övladları, təhsildə yüksək nailiyyətlər əldə etmiş, həmçinin aztəminatlı ailələrdən olan bir qrup şagird RİH başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.

Seçilən
4
50
unikal.az

10Mənbələr