AZ

"Uşaqların xoşbəxtliyi cəmiyyətin gələcəyidir"

Yazını böyüt
Yazını kiçilt

"Hər il dünyada qeyd olunan 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü gələcəyimizin etibarlı təminatçıları olan uşaqlara diqqət və qayğının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar tarix yalnız bayram deyil, həm də cəmiyyətin uşaqlar qarşısındakı məsuliyyətini bir daha xatırladan mühüm gündür".

Bunu Hafta.az-a 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı açıqlamasında Nizami rayon icra hakimiyyətinin məsul işçisi, MMP sədr müavini Könül İsmayılova bildirib.

O qeyd edib ki, uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və layiqli vətəndaş kimi yetişməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.

K.İsmayılova vurğulayıb ki, sağlam, savadlı və vətənpərvər nəslin formalaşdırılması ölkənin gələcək inkişafının mühüm şərtidir:

“Uşaqlar bizim sabahımız, ən böyük sərvətimizdir. Onların təhlükəsiz, sağlam və xoşbəxt mühitdə böyüməsi üçün yaradılan şərait cəmiyyətin inkişaf səviyyəsinin ən mühüm göstəricilərindən biridir. Hər bir uşağın keyfiyyətli təhsil almaq, öz bacarıqlarını inkişaf etdirmək və arzularını gerçəkləşdirmək hüququ var. Son illər ölkədə uşaq hüquqlarının müdafiəsi, təhsil və sosial təminat sahəsində həyata keçirilən layihələr uşaqların rifahının yüksəldilməsinə xidmət edir. Xüsusilə həssas qruplara aid uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil və sağlamlıq xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Uşaqların xoşbəxt gələcəyi yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri uşaqların sağlam mənəvi mühitdə formalaşması üçün birgə fəaliyyət göstərməlidirlər. Qoy hər bir uşağın üzü gülsün, arzuları gerçəkləşsin və onlar sülh, əmin-amanlıq şəraitində böyüyərək ölkəmizin inkişafına töhfə verən layiqli vətəndaşlara çevrilsinlər. Uşaqların xoşbəxtliyi Azərbaycanın xoşbəxt gələcəyidir”.

Seçilən
46
hafta.az

1Mənbələr