Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 1 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarına metodik vasitələr hədiyyə edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin “Abituriyent” redaksiyası tərəfindən nəşr olunan tədris vəsaitləri 6-14 yaş aralığında olan şəhid övladlarına təqdim edilib. Layihə çərçivəsində ölkə üzrə ümumilikdə 1368 şəhid övladı üçün müxtəlif yaş qruplarına uyğun hazırlanmış 44 adda 3251 ədəd kitab ayrılıb. Metodik vəsaitlər Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində təhsil alan şəhid övladlarına çatdırılır.
Şəhid ailələrinin və övladlarının dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunması siyasətinə töhfə vermək məqsədilə həyata keçirilən bu təşəbbüs uşaqların təhsilə marağının artırılmasına, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərməyə xidmət edir.
Dövlət İmtahan Mərkəzi gələcəkdə də sosial həssas qrupların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.













Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.