AZ

​Serbiyadan Rusiyaya daha bir “xəyanət” Moskvadan uzaqlaşdıran növbəti addım

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xüsusilə Ukraynaya qarşı işğalçılıq müharibəsi başlanandan bəri Rusiyanın Avropadakı ən yaxın müttəfiqlərindən sayılan Serbiya Moskva ilə “məsafə saxlamağa” üstünlük verir. Bu da daha çox rəsmi Belqradın Avropa İttifaqına üzvlük planları ilə bağlıdır. Buna görə Rusiyadakı “Z-kanallar” və Kreml təbliğatçıları, eləcə də hakimiyyətə yaxın ayrı-ayrı siyasətçilər Serbiyanı mütəmadi olaraq “xəyanətdə” ittiham edirlər.

“AzPolitika” xəbər verir ki, Serbiya Parlamentinin komitə rəhbəri Draqan Stanoyeviç Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində Moskva üçün ağrılı olan daha bir qərar barədə məlumat verib.

Stanoyeviç deyib ki, Serbiya hakimiyyəti Avropa Birliyinə qoşulmaq üçün Rusiya ilə vizasız rejimin ləğvini müzakirə edir. Lakin o hesab edir ki, Belqrad hələ də Aİ-yə qoşulmaqdan uzaqdır və vizasız rejimin vaxtından əvvəl ləğvi ölkə iqtisadiyyatına zərər verə bilər.

Serbiya 2009-cu ildə Avropa Birliyinə qoşulmaq üçün müraciət edib və 2012-ci ildə namizəd statusu alıb. Rusiya ilə Serbiya arasında ikitərəfli vizasız rejim 2009-cu ilin iyul ayında tətbiq edilməyə başlayıb. Bu rejim hər iki tərəfdən vətəndaşlara 30 günə qədər vizasız səyahət etməyə imkan verir.

Serbiya Xarici İşlər Nazirliyi daha əvvəl Belqradın 2026-cı ilin sonuna qədər viza siyasətini Avropa Birliyi ilə sinxronlaşdıracağını bildirib. 2023-cü ildə ölkə hakimiyyəti Kuba ilə vizasız səyahəti ləğv etmiş və bu ölkəyə uçuşları dayandırmışdı. Daha sonra Qətər, Küveyt, Monqolustan və Oman vətəndaşları üçün vizalar tətbiq olunmuşdu.

Avropa İttifaqı həmçinin Serbiyaya təzyiqi artıraraq rusiyalılara verilən yaşayış icazələrinin və vətəndaşlıqların sayının azaldılmasını tələb edib. Stanoyeviç qeyd edib ki, Brüssel Belqraddan ruslara verilən icazələrin sayını 50% azaltmağı tələb edir və bunu etməsə, Serbiyanı Aİ ilə vizasız səyahəti ləğv etməklə hədələyir. "İzvestiya"nın məlumatına görə, Brüssel həmçinin Serbiyanın Rusiyaya birbaşa uçuşlardan və "Qazprom"la qaz müqaviləsindən imtina etməsini tələb edir.

Eyni zamanda, Serbiya Aİ üzvlüyü üçün islahatlar proqramını yerinə yetirməlidir. Aprelin sonlarında Brüssel bu proqram çərçivəsində Serbiyaya verilən 1,5 milyard avroluq qrantları dondurub. Bundan əlavə, Serbiyanın xarici ticarətinin 60%-dən çoxu Aİ ölkələrilədir və viza tələblərinin yenidən tətbiqi sahibkarlara, logistikaya və Aİ-də çalışan Serbiya vətəndaşlarına zərər verəcək. Buna görə də Sebiya vizasız rejimin ləğvi də daxil olmaqla, Rusiya ilə bağlı tələbləri yerinə yetirmək məcburiyyətindədir.

Ümumilikdə Belqrad özünü Rusiyanın müttəfiqi imicindən uzaqlaşdırmağa çalışır. Serbiya Parlamentinin spikeri Ana Brnabiç Praqada deyib ki, “Serbiya Rusiyanı qardaş ölkə hesab etmir” və onun Ukraynaya hücumunu pisləyir. Üstəlik, may ayında Serbiya ilk dəfə NATO ilə birgə hərbi təlimlərdə iştirak edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
azpolitika.info

1Mənbələr