AZ

Axios: Miqrant axını Texasda demokratların şansını artırıb...

Ştatda əhali artımı seçici tərkibini dəyişdirib və siyasi balansı yenidən formalaşdırıb...

2020-ci ildən etibarən Texas ştatında təxminən 2,5 milyon yeni sakin qeydə alınıb və bu göstərici əhali baxımından Nyu-Meksiko ştatının ölçüsünə yaxın hesab olunur.

Poliqon xəbər verir ki, bu barədə Axios nəşri yazıb. Bildirilir ki, bu dəyişiklik seçici tərkibinə təsir göstərərək builki Senat seçkiləri kampaniyasında qeyri-müəyyənliyi artırıb.

Məlumata görə, əhali artımının üçdə ikidən çox hissəsi ABŞ-nin digər bölgələrindən və xarici ölkələrdən köçən şəxslərin hesabına baş verib. Təkcə 2025-ci ildə Texasa təxminən 400 min yeni sakin gəlib və ştat əhali artımı tempinə görə ABŞ-də ilk sıraya yüksəlib. Hazırda Texasın ümumi əhalisinin 31,7 milyon nəfərə çatdığı bildirilib.

Axios nəşri qeyd edib ki, 2024-cü ilin iyunundan 2025-ci ilin mayına qədər Texasda məskunlaşan 265 min daxili miqrantın təxminən 14 faizi ənənəvi olaraq demokratlara meylli hesab olunan Kaliforniya ştatından gəlib.

Uzun illər ərzində Respublikaçılar Partiyası kənd rayonlarında, şəhərətrafı ərazilərdə güclü dəstəyə və latınamerikalı seçicilər arasında qazandığı son uğurlara əsaslanaraq Texas üzərində siyasi nəzarəti qoruyub saxlayıb. Bildirilir ki, respublikaçılar 1994-cü ildən ştatda hakim mövqedə qalır.

Lakin nəşrin qiymətləndirməsinə görə, seçici qruplarının siyasi loyallığı hazırda dəyişiklik mərhələsinə daxil olub. Sürətlə böyüyən uzaq şəhərətrafı ərazilər əvvəlki seçki sərhədlərini zəiflədib, yeni sakinlərin isə “köhnə Texas”ın mühafizəkar baxışlarını tam bölüşmədiyi qeyd olunub.

Axios əlavə edib ki, regionda latınamerikalılar arasında Donald Trampın fəaliyyətinə narazılığın artması da vəziyyəti mürəkkəbləşdirir. UnidosUS, BSP Research və Shaw & Co. tərəfindən keçirilən sorğunun nəticələrinə görə, prezidentə mənfi münasibət göstəricisi 67 faizə yüksəlib. ABŞ Nümayəndələr Palatasına seçkilərlə bağlı səsvermə meyillərində isə demokratların bu seçici qrupunda respublikaçılardan 54 faizə qarşı 28 faiz üstün olduğu bildirilib.

Nəşrin qənaətinə görə, seçici strukturunda baş verən dəyişikliklər ənənəvi olaraq Respublikaçılar Partiyasının üstünlük qazandığı Texasda siyasi hesablamaları ciddi şəkildə dəyişə bilər.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr