AZ

Təbrizdə asılan Hənifə kimdir – Gözlənilən qətlin tarixçəsi...

Bu il, aprelin 19-da güneyli Hənifə Avandi Təbriz mərkəzi həbsxanasında edam edilib.

Musavat.com xəbər verir ki, 24 yaşlı azərbaycanlı sübh vaxtı asılıb.

Amma onun edamı beynəlxalq ictimaiyyətin və insan hüquqlarının müdafiəsi təşkilatlarının diqqətini nədənsə bir o qədər cəlb etməyib.

Bu mövzuya yer ayıran Gunaz.tv İsrailin “Yerusəlim Post” qəzetinin məqaləsinə istinad edib. Yəhudi nəşrində azərbaycanlı türk qadının uşaq evliliyinin qurbanı olmasına Qərb dünyasının susqun qalması tənqid olunub. Yazıçı Raşel Avraham bildirib ki, uşaq evliliyinin qurbanı olan və sənədləşdirilmiş psixoloji problemlərlə mübarizə aparan bu gənc qadın dünya miqyasında ciddi reaksiya olmadan edam edilib.

Why

İnsan haqları fəalı Türkan Bozkurt isə deyib ki, Hənifə Avandi 17 yaşında ailəsi tərəfindən ağır əlilliyi olan bir kişi ilə evlənməyə məcbur edilmişdi. O, bu evlilikdən 11 ay sonra ərini öldürüb. Onun həbsxana həkimi doktor Davari çoxsaylı tibbi hesabatlarda qeyd etmişdi ki, Avandi ağır psixoloji problemlərdən əziyyət çəkirdi, daimi tibbi nəzarət altında idi və ədalətsiz şəraitdə saxlanılırdı. Həkimin qeydə alınmış qiymətləndirməsinə görə, bu şərait ölüm hökmünə yol açmamalı idi.

Hesabatda qeyd olunub ki, əgər belə bir hadisə dünyanın bir çox başqa ölkəsində baş versəydi, həmin şəxs edam edilmək əvəzinə psixoloji problemlərinin və uşaq evliliyi nəticəsində yaşadığı cinsi istismar travmasının müalicəsi üçün tibbi nəzarətə götürülərdi. Türkan Bozkurt deyib ki, edam gizli şəkildə həyata keçirilib və İran hökuməti açıqlama verməyib. Sosioloq Sevil Süleymani isə vurğulayıb ki, bundan əvvəl Rahilə Zəmani işi vardı və o da edam edilmişdi. “Hənifə, uşaqlıqda məcburi evliliyə sürüklənən, daha sonra isə boşanma qarşısında struktur maneələrlə üzləşən qadınlardan sadəcə biridir”,_ Süleymani söyləyib.

Iran

2025-ci ildə insan haqları təşkilatlarının sənədləşdirdiyi qadın edamlarının təxminən 44 faizi həyat yoldaşını və ya nişanlısını öldürmək ittihamı ilə həyata keçirilib; bu işlərdə ortaq cəhətlər uşaq evliliyi, məişət zorakılığı, təcavüz, hüquqi çıxış yolunun olmaması və ölüm cəzasıdır.

Musavat.com qeyd edir ki, İran insan haqları təşkilatlarının məlumatına görə, qadınların ən çox edam edildiyi bu ölkədir. Bildirilir ki, 2025-ci ildə ən azı 48 qadın edam edilib ki, bu da əvvəlki illə müqayisədə 55 faiz artım deməkdir. Bu vəziyyət təkcə cəza siyasətinin sərtləşməsini deyil, həm də qadınların daha çox siyasi, sosial və hüquqi təzyiqlərə məruz qaldığını göstərir. Əxlaq qanunlarını, məcburi örtünmə siyasətini, ifadə azadlığının boğulmasını və etiraz aksiyaları üçün sərt cəzaları nəzərə alsaq, İranda ölüm hökmü təkcə hüquqi məsələ deyil, həm də rejimin avtoritar davamlılığı üçün əsas vasitələrdən biri kimi fəaliyyət göstərir.


Emil Salamoğlu
Musavat.com

Seçilən
37
1
musavat.com

2Mənbələr