BAKI,TurkicWorld
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bəyanatda deyilir ki, Kopirkin Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa zərər verən Avropa İttifaqı ilə yaxınlaşma istiqamətindəki addımları ilə bağlı məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Mayın 29-da AİB üzv dövlətlərinin liderləri Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəkləri ilə bağlı birgə bəyanat yayıblar. Sənəd Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadir Japarov tərəfindən qəbul edilib. Sənəddə bildirilir ki, dövlət başçıları Ermənistanın Aİ-yə daxil olması və AİB-də üzvlüyünün davam etdirilməsi ilə bağlı ümumxalq referendumunun keçirilməsinin zəruriliyi ilə bağlı mövqeyi bölüşürlər. Liderlər həmçinin qeyd ediblər ki, Yerevanın Aİ-yə daxil olmağa hazırlığı ilə əlaqədar Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün müəyyən risklər mövcuddur.