JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycanda son illərdə heyvandarlıq sahəsində müşahidə olunan azalma və ət idxalının artması kənd təsərrüfatı sektorunda əsas müzakirə mövzularından birinə çevrilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, heyvanların sayında azalma müşahidə olunur və yerli istehsal artan tələbatı tam qarşılaya bilmir. Bu səbəbdən son illərdə ət idxalı da artıb.

Mövzu ilə bağlı “BF Şirkətlər Qrupu”nun həmtəsisçiləri Babək Hüseynov və Fərid Mustafayev də fikirlərini bölüşüblər.

Babək Hüseynov bildirib ki, hazırda Azərbaycanın ərzaq təhlükəsizliyi və bazarda sabitliyin qorunması üçün beynəlxalq əməkdaşlıqlar xüsusi əhəmiyyət daşıyır:

“Heyvandarlıq sahəsində mövcud vəziyyət göstərir ki, həm məhsuldarlığın artırılması, həm də bazarda tələbatın qarşılanması üçün yeni yanaşmalara ehtiyac var. Pakistan bu istiqamətdə ciddi potensiala malik ölkələrdən biridir. Xüsusilə camışçılıq sahəsində Pakistanın zəngin təcrübəsi və yüksək məhsuldarlığa malik cinsləri Azərbaycanın heyvandarlıq sektoruna yeni imkanlar aça bilər.”

Fərid Mustafayev isə qeyd edib ki, hazırda Pakistanla bu istiqamətdə əməkdaşlıq və təchizat məsələləri üzrə müzakirələr aparılır:

“Hazırda bu problemin aradan qaldırılması üçün Pakistandan böyük miqdarda heyvanların gətirilməsi nəzərdə tutulur. O cümlədən iri buynuzlu və digər baş heyvanların Azərbaycana gətirilməsi planlaşdırılır. Əsas prioritet istiqamətlərdən biri isə camışçılıq sahəsidir. Məqsəd yüksək məhsuldarlığa malik cins camışların Azərbaycana gətirilməsi və gələcəkdə onların sayının müasir texnologiyalar vasitəsilə artırılmasıdır.”

Onun sözlərinə görə, gələcək mərhələdə embriyon texnologiyalarından istifadə etməklə damazlıq cinslərin artırılması nəzərdə tutulur:

“Planlarımız sırasında Pakistandan yüksək keyfiyyətli embriyonların gətirilməsi və onların Azərbaycanda damazlıq təsərrüfatlarında tətbiqi var. Bu texnologiya qısa müddətdə məhsuldar cinslərin artırılmasına və heyvandarlıq sektorunda keyfiyyət göstəricilərinin yüksəlməsinə imkan yarada bilər.”

Mütəxəssislərin fikrincə, embriyon transferi və süni mayalanma kimi müasir biotexnologiyalar dünyada heyvandarlıq sahəsində geniş tətbiq olunur və yüksək məhsuldarlığa malik heyvan cinslərinin sürətlə artırılmasına imkan verir. Son dövrlərdə Pakistanın camış embriyonlarının beynəlxalq bazarda maraq doğurduğu, hətta Çinlə bu istiqamətdə əməkdaşlıq layihələrinin həyata keçirildiyi bildirilir.

Ekspertlər hesab edirlər ki, cins heyvanların artırılması, məhsuldarlığın yüksəldilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi yaxın illərdə Azərbaycanın heyvandarlıq sektorunun inkişafına və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX