Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ili tamam olur. 1918-ci ilin bu tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan olunması xalqımızın müstəqillik əzminin nümayişi, azadlıq arzularının ifadəsi idi.
1918-ci il mayın 28-də Tiflisdə Əhməd bəy Ağayevin, Mustafa Mahmudovun, Fətəli xan Xoyskinin, Xəlil bəy Xasməmmədovun, Nəsib bəy Yusifbəyovun, Nəriman bəy Nərimanbəyovun və başqalarının imzaladığı İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı dünyaya bəyan olundu. İstiqlal Bəyannaməsi müstəqil Azərbaycanın dünyaya ilk rəsmi müraciəti oldu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası idi.
İstiqlal Bəyannaməsində dövlətin əsas prinsipləri göstərilmişdi. Sənəddə hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarının bərabərliyi kimi məsələlər öz əksini tapmışdı. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etdiyi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqramla məlumat verildi.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, bayrağı, himni və gerbi təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq və müstəqillik mübarizəsinin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".
O zaman hökumətin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Buna mərhələlərlə nail olundu, Paris Sülh Konfransında müttəfiq dövlətlər Azərbaycan Xalq Cümhuriyyətini tanıdılar.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirirdi. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərara əsasən tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında parlament Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi, az sonra universitet yaradıldı. 1918-ci il mayın 28-də Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi təsis edildi, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olundu.
1920-ci il aprelin 28-də rus imperiyası Azərbaycanı ilhaq etdi, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Lakin imperiya xalqın mübarizə əzmini ilhaq edə bilməzdi. Mübarizə davam edirdi. SSRİ hökumətinin siyasi qadağalarına baxmayaraq xalq dövlətçiliyinin bərpa olunması üçün mübarizə aparırdı.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Həmin gün qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı xalqımızın müstəqillik mübarizəsinin nəticəsi idi.
Müasir Azərbaycan dövlətçiliyinin formalaşması böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində respublikamızda baş verənlər az qala müstəqilliyimizin və dövlətçiliyimizin itirilməsi ilə nəticələnəcəkdi. Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən və böhranlardan xilas etdi, dövlətçiliyimizi qorudu. Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı, respublikamızın beynəlxalq birlikdəki mövqelərini möhkəmləndirdi.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Prezident cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Cümhuriyyətin yubiley tarixlərinin qeyd olunması, 2018-ci ilin ölkəmizdə “ Cümhuriyyət İli” elan olunması, 2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu Cümhuriyyət irsinə olan ehtiramın nümunələridir.
Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi barədə deyib: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Azərbaycanın uğurları müstəqilliyimizi daha da sarsılmaz edir, dövlətçiliyimizi daha da qüdrətləndirir. Müstəqil dövlətimizin nailiyyətləri hər birimizin qürur mənbəyidir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı