AZ

Küçəyə atılmış yetimin marşal olması - Nüvə dövlətinin müdafiə nazirinin həyat yolu

Nikahdankənar doğulduğu üçün sevilməyən, “bic” adlandırılan, 11 yaşındaykən atalığı və anası tərəfindən evdən qovulan, küçələrə düşən bir oğlan təsəvvür edin, 41 yaşında general, 46 yaşında marşal rütbəsinə yüksəlir, iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı, sinəsi tutduğu qədər orden-medal alır və sonra dünyanın iki qüdrətli dövlətinin birinin müdafiə naziri olur.

Fenomenal hal, qeyri-adi yüksəlişdirmi? Bəli, elədir. Dünya tarixində bu kimi hadisənin misli-bərabəri ya çox az olub, ya da heç olmayıb.

Bu şəxs 1957-1967-ci illər arasında SSRİ-nin müdafiə nazir olmuş marşal Rodion Yakovleviç Malinovskidir.

malin-1.JPG

11 (23) noyabr 1898-ci ildə Rusiya imperiyasının Odessa vilayətində doğulan Rodion Malinovskinin doğum şəhadətnaməsində atasının adı yoxdur. Yakov hər kim olubsa (onun kimliyi haqqında 3-4 variant var), adının sənədə yazılmasını istəməyib. Rodionun sənədlərinə “Yakovleviç”i sonradan əlavə ediblər. Hər halda varlıların mətbəxində aşpaz işləyən anası oğlunun atasının kim olduğunu bilirdi.

Atalığının doğma anasını “ya o, ya da mən” deyə seçim qarşısında qoyması üzündən evdən ayrılan Rodionun sonrakı həyatı məşəqqətli olub. Eyni vəziyyətə düşmüş 1000 oğlandan yalnız barmaqla sayılacaq qədər salamat qalar, bir tərəfə çıxa bilərdi. Böyüyüb marşal olmaq isə milyardda bir yetimə nəsib olar, ya olmaz.

11 yaşındaykən anası Varvaradan ayrılan Rodion bir daha geriyə qayıtmayıb, onu heç zaman görməyib, görüşməyib. Bəzi məlumatlara görə, marşal olduqdan sonra o, anasını qiyabi şəkildə tapıb və vaxtaşırı pul göndərib, amma sona qədər onu bağışlamayıb.

Bir müddət küçələrdə qalan Rodiona xalaları yiyə durub, biri onu yerli torpaq sahibinə yanında işə göndərib, sonra o biri Odessaya apararaq, qalantereya mağazasının sahibinin yanında işə düzəldib. Orada işləyərkən Rodion öz-özünə fransız dilini öyrənməyə başlayıb, 4-5 ildən sonra bu dil bilgisi onun karına gəlib. Çünki yolu Fransaya düşüb.

Rodion_Malinovsky_ww1.jpg

1914-cü ilin avqustunda başlayan I dünya müharibəsində iştirak etmək üçün hələ 16 yaşı olmayan Rodion özünü 18 yaşlı kimi qələmə verərək, orduda xidmətə başlayıb, 256-cı Yelizavetqrad piyada alayında pulemyotçu olub. O, döyüşdə fərqlənib, yaralanıb, 1915-ci ildə ilk döyüş mükafatını, 4-cü dərəcəli Müqəddəs Georgi Xaçı ordenini alıb, kapral rütbəsinə yüksəldilib.

1916-cı ildə 40 minlik rus ordusu Fransaya göndəriləndə Malinovski də şəxsi heyətdə olub. Rus qoşunu Rusiya ərazisi ilə əvvəlcə Vladivostoka uzun yol qət edib, sonra zabit və əsgərlər gəmiylə Hind okeanından, Süveyş kanalından keçərək Fransaya çatıblar.

1917-ci ildə Rusiyada fevral inqilabı baş verəndə Rusiyanın Fransadakı hərbi kontingentinə daxil olan hissələrin bir çox əsgəri vətənə dönmək istəyib. Fransızlar onları buraxmaq istəməyiblər, hərbi hissə qiyama qalxıb, Rodion da qiyamçıların arasında olub. Nəhayət, o və digərləri getdikləri marşrutla Vladivostoka qayıda biliblər. Həmin vaxt bölgə ağqvardiyaçıların nəzarətində olub, amma Rodion onlara qoşulmaq istəməyib, bolşeviklərin sırasında olmaq istəyib, alternativ yollarla onlara çatmaq istərkən qırmızı patrullar tərəfindən tutulub. Üstündə fransızca kitablar aşkarlandığına görə, onu az qala casus kimi edam edəcəkmişlər, amma Rodion onları öz həyat hekayəsinə inandırmağı bacarıb.

malin-6.JPG

Beləliklə, 1919-cu ilin noyabrında R. Malinovski qırmızı ordunun əsgəri olub. O, vətəndaş müharibəsində aktiv iştirak edib, yaralanıb, tif xəstəliyinə yoluxub, sağalıb, yenidən sıraya qayıdıb, sonra kiçik komandanlıq hazırlığı məktəbində kursant olub.

Vətəndaş müharibəsindən sonra o, hərbi sahədə qalmaqda davam edib, çünki gedəcək yeri və bacardığı başqa iş olmayıb. R.Malinovski müxtəlif regionlarda cürbəcür hərbi hissələrdə pulemyot ekipajı komandiri işləyib, 243-cü alayda komandir köməkçisi olub, 1923-cü ilin noyabrından 1927-ci ilin oktyabrına qədər isə batalyon komandiri vəzifələrində xidmət edib.

1927-ci ildən 1930-cu ilə qədər o, Frunze adına hərbi akademiyada təhsil alıb. 1930-cu ilin mayından 1931-ci ilin yanvarına qədər 67-ci Qafqaz süvari alayının qərargah rəisi, sonra bir çox hərbi dairələrin qərargahlarında məsul vəzifələrdə işləyib.

malin-3.JPG

1937-ci ilin yanvarında artıq polkovnik rütbəsinə yüksələn Malinovski həmin ildən 1938-ci ilin mayına qədər İspaniyada gedən vətəndaş müharibəsində iştirak edib, "Polkovnik Malino" adıyla hərbi məsləhətçi olub, frankoçulara qarşı döyüş əməliyyatları aparıb, iki dəfə ordenlə təltif olunub.

O, ağır, təlatümlü illərdə ölkənin bütün sferalarında, o cümlədən orduda tüğyan edən repressiyalarda Malinovskinin başını salamat saxlayan əsas amil onun heç vaxt qruplara qoşulmaması, siyasətə qarışmaması, hər zaman öz işi ilə məşğul olması və ağzına yiyəlik etməsi olub.

SSRİ-yə qayıtdıqdan sonra, 15 iyun 1938-ci ildə briqada komandiri rütbəsinə layiq görülən və 1939-cu ilin sentyabrından Frunze adına hərbi akademiyada baş müəllim vəzifəsində çalışan Malinovski artıq 1940-cı ildə general-mayor rütbəsinə yüksəlib.

1941-ci ilin mart ayından etibarən Odessa hərbi dairəsindəki 48-ci atıcı korpusa komandanlıq edən Malinovskini müharibə burada haqlayıb.

malin-7.JPG

Onun korpusu müharibənin əvvəlində nizamlı şəkildə, itki vermədən geri çəkilib. Malinovski korpusunun əsas qüvvələrini qoruyub saxlaya bilib və yaxşı liderlik bacarıqları nümayiş etdirib.

1941-ci ilin dekabrında o, Cənub Cəbhəsinin komandiri təyin edilib. 1942-ci ilin may ayında Cənub və Cənub-Qərb cəbhələri Xarkov əməliyyatında sarsıdıcı məğlubiyyətə uğrasalar da, Stalin bu uğursuzluqda Malinovskinin təqsirinin olmadığı qənaətinə gəlib və bu, ona labüd edamdan qurtarıb.

1941-45 müharibəsinin gedişində baş qərargah Malinovski müxtəlif cəbhələrə komandan vəzifələrinə təyin edib. O, rəhbərlik etdiyi bütün cəbhələrdə səbatı, ağıl-kamalı ilə fərqlənib, Jukov və Konev kimi tabeçiliyindəkilərlə qaba rəftar etməyib, yüz minlərlə əsgəri mənasız yerə qırdırmayıb.

1942-ci ilin noyabrında onun şəxsi dostu, diviziya komissarı İllarion Larin özünü güllələyib və üzərində "Yaşasın Lenin!" sözləri ilə bitən bir qeyd qoyub. Stalin bunu demarş kimi görüb və Malinovski haqqında araşdırma aparmaq istəyib. Ancaq cəbhənin hərbi şurasının üzvü Nikita Xruşov Malinovskiyə zamin durub, onu xilas edib.

malinop.JPG

Amansız müharibənin gedişində Malinovskinin uğursuzluqları da olub, bəzən gözdən də düşüb, amma savaşda həlledici dönüşlərdən biri məhz onun adıyla bağlıdır. Malinovskinin rəhbərlik etdiyi hərbi qüvvələr mühasirəyə düşən feldmarşal Fridrix Paulyusun qoşunlarını xilas etmək istəyən alman qoşunlarının qarşısını kəsib, onları itki verərək geri çəkməyə vadar edib. Paulyusun komandanlıq etdiyi 91 min alman hərbçisi əsir düşəndən sonra müharibənin gedişindən dönüş yaranıb.

Malinovski 1944-cü ilin oktyabrında Macarıstanın şərqində düşməni ikinci amansız məğlubiyyətə uğradıb. Onun qoşunları Budapeştdə təxminən 80.000 nəfərlik düşmən qüvvəsini mühasirəyə alıb, məhv edib. Daha sonra o, Vyanada da fərqlənib. Bu əməliyyatda düşmən qüvvələrini tamamilə darmadağın etdiyinə görə Malinovski ən yüksək hərbi mükafat olan “Qələbə” ordeni ilə təltif edilib (bu orden cəmi 17 nəfərə verilib).

malin-5.JPG

Nasist Almaniyasına qarşı müharibə başa çatdıqdan sonra Rodion Malinovski Uzaq Şərqə göndərilib, Transbaykal cəbhəsinin komandanı təyin edilib. O, burada yaponlara qarşı vuruşub, Kvantun ordusunu darmadağın edib, Monqolustanı Yaponiya işğalından qurtarıb.

Bu nailiyyətdən sonra marşal (1944) Malinovskiyə SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 sentyabr 1945-ci il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı, “Lenin” ordeni və “Qızıl ulduz” medalı verilib.

Müharibədən sonra Malinovski 11 il Uzaq Şərqdə qalıb, Transbaykal-Amur hərbi dairəsinin qoşunlarına komandanlıq edib. Stalinin ölümündən sonra Moskvada hakimiyyət uğrunda didişmələr baş verəndə o, bütün intriqalardan kənarda və uzaqda olub.

malin-4.JPG

 

1956-cı ilin mart ayında Malinovski SSRİ müdafiə nazirinin müavini təyin edilib. 1957-ci ildə hakim partiyanın rəhbəri və baş nazir postunu tutan Nikita Xruşovla müdafiə maziri Georgi Jukov arasında münasibətlər pisləşəndə, bu, ikincinin vəzifədən götürülməsi, Malinovskinin isə müdafiə naziri təyin edilməsi ilə nəticələnib. Marşal ölümünə qədər bu vəzifədə çalışıb və 1967-ci ildə mədəaltı vəzi xərçəngindən 68 yaşında vəfat edib.

Onun bioqrafiyasında əsas qara ləkə 1962-ci ildə Novoçerkassk fəhlə üsyanını yatırmaq üçün qoşunlardan istifadə etməyə icazə verməsidir. Bəziləri deyir ki, guya marşalın bundan xəbəri olmayıb. Amma SSRİ kimi totalitarizm yuvası olan ölkədə bu qətiyyən mümkün deyildi.

Marşal iki dəfə ailə qurub, 5 övladı olub.

Araz Altaylı, Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr