AZ

1918-ci il mayın 28-i — Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir



1918-ci il mayın 28-i — Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.
Məhz həmin gün, bir əsr əvvəl, Azərbaycan xalqı dünyaya böyük bir mesaj verdi. Şərqdə və müsəlman aləmində ilk dəfə olaraq demokratik, hüquqi, dünyəvi parlament respublikası quruldu. Bu, təkcə bir dövlətin deyil, bütöv bir xalqın azadlıq əzminin elanı idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin bu qısa müddət ərzində görülən işlər onilliklərə bərabər idi. İlk parlament və hökumət yaradıldı, dövlət bayrağı və vətəndaşlıq institutu təsis edildi, milli ordu quruldu. Bakı işğalçılardan azad edildi. 1918-ci ilin avqustunda təhsil ana dilinə keçirildi, 1919-cu ildə isə Bakı Dövlət Universiteti açıldı.

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu ona qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini özündə birləşdirən bu respublika, xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya sübut etdi.
1920-ci ilin aprelində bolşevik işğalı Cümhuriyyətin fəaliyyətinə son qoydu. Lakin dövlətçilik ənənəsi yaşamaqda davam etdi. Beynəlxalq hüquq subyekti kimi tanınan Azərbaycanın adı dünya siyasi xəritəsindən tamamilə silinmədi. Bu da məhz Xalq Cümhuriyyətinin diplomatik fəaliyyətinin bəhrəsi idi.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi."

XX əsrin sonunda tarix yenidən yazıldı. 1990-cı il noyabrın 17-də, Sovet İttifaqı hələ mövcud ikən, Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qaldırdı. Bu, cəsarətin, xalqa bağlılığın və dönməzliyin simvolu idi. Müstəqilliyə gedən yolun əsası həmin gün qoyuldu.

1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu rəsmi olaraq təsbit edildi.
Müstəqil Azərbaycan bu varisliyini yalnız sənədlərdə deyil, əməli işlərlə də sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi, 100 illik yubiley dövlət səviyyəsində qeyd olundu.

1918-ci ildə parlamentdə qaldırılıb 1920-ci ildə endirilən tarixi üçrəngli bayraq 2018-ci il mayın 24-də öz vətəninə qaytarıldı.

Ən böyük varislik isə 2020-ci ildə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Azərbaycan bayrağı — Xalq Cümhuriyyətinin əmanəti — bu gün azad edilmiş ərazilərdə, o cümlədən Şuşada, Xankəndində, Laçında iftixarla dalğalanır.

Prezident İlham Əliyevin sözləri bu tarixi yolun ən gözəl xülasəsidir:

"Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!"
28 May müqəddəs tarixdir. Çünki o gün bir xalq tarixə öz möhürünü vurdu — və o möhür silinməzdir.

Naqif Həmzəyev, Milli Məclisin deputatı
Seçilən
27
newscenter.az

1Mənbələr