BAKI, 27 may. TELEQRAF
İkinci yazı
Ötən yazımızda Osmanlı sultanından Məcidiyyə ordeni alan üç azərbaycanlı haqqında məlumat vermiş, bu mükafata hansı əməlləri ilə layiq görüldüklərini qeyd etmişdik. Həmin yazıdan sonra bir neçə dəyərli həmkarım başqa azərbaycanlıların da bu ordenə sahib olduqlarını xatırlatmış, bəzi adlar çəkmişdilər. Bu faktlardan sonra mövzunu daha dərindən araşdırmağa qərar verdik.
Hacı Zeynaldbidin Tağıyev və Yusif Ziya Talıbzadə
Azərbaycan tarixində bənzərsiz rolu olan tanınmış xeyriyyəçi, ictimai xadim, açdığı məktəblər, qurduğu cəmiyyətlər, dəstək verdiyi mətbuat nümunələri vasitəsilə xalqımızın tərəqqisinə çalışan Hacı Zeynalabidin Tağıyev də sultanın bu ordeninə layiq görülüb.
Ötən əsrin əvvəllərində Tağıyev bir neçə mühüm qəzetə sponsorluq edib, dövrün tanınmış ziyalılarının bu mətbu nümunələr vasitəsilə milli fikir və düşüncələrinin yayılmasına xidmət göstərib. “Kaspi”, “Həyat”, “Tazə həyat”, “Haqq yolu”, “Füyuzat” kimi qəzət və jurnal onun maddi dəstəyilə işıq üzü görüb. Bunlar arasında Əli bəy Hüseynzadənin baş redaktoruluğunda çıxan “Füyuzat” jurnalı Osmanlı idarəçiliyinə qarşı müxalif mövqe sərgiləməkdə, istibdad rejimini tənqid etməkdə idi. Ona görə də jurnalın ilk nömrəsi imperiyaya daxil olduğu zaman saray tərəfindən mənfi şəkildə qarşılanıb, Tağıyev də istənilməyən adam vəziyyətinə düşüb. Nəticədə onun İstanbula göndərmək istədiyi tələbələrə də mənfi cavab verilib.
Tağıyevin irsinin görkəmli tədqiqatçısı Fərhad Cabbarov onun haqqında yazdığı qiymətli əsərində bu mövzunu detallı şəkildə araşdırıb, Məcidiyyə ordeninə gedən yolu izah edib: “1906-cı ilin noyabrında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri H.Z.Tağıyevin imzası ilə Bakıdan 3 tələbənin İstanbula oxumağa göndərilməsi barədə məktuba mənfi cavab gəlmiş və onların Beyrutda təhsil almaları təklif olunmuşdu. Görünür, bu gərginliyi bir qədər yumşaltmaq məqsədilə H.Z.Tağıyev 1907-ci ildə Yusif Ziya Talıbzadəni Osmanlı sarayına göndərmək qərarına gəldi. 1907-ci il avqustun 19-da Sultan II Əbdülhəmid Y.Z.Talıbzadəni qəbul etdi. Talıbzadə Osmanlı hökmdarına H.Z.Tağıyevin azərbaycancaya tərcümə etdirdiyi Quran təfsirini bağışladı. Bu görüşün nəticəsi olaraq II Əbdülhəmid H.Z.Tağıyevi I dərəcəli, Y.Z.Talıbzadəni isə III dərəcəli Məcidiyyə ordeni ilə təltif etdi”.
Bu hadisədən sonra Hacının Osmanlı dövlətinə olan münasibətində dəyişikliklərin olduğunu görürük. O, 1914-cü ildə Ədirnə şəhərində kimsəsiz uşaqlar üçün tikilən yetimlər evinə beş min rubl bəxşiş verib, həmçinin Mirməhəmməd Badkubeyinin Quranın tərcüməsi və təfsiri ilə bağlı yazdığı “Kəşfül-həqayiq” kitabını Sultan Səlim məscidinə bağışlayıb. Eləcə də Osmanlı donanması üçün də 5 min rubl, Osmanlının Bakı konsulluğundakı Hilali-Əhmər (Qızıl Aypara) cəmiyyətinə də 5 min rubl göndərib. Bütün bunlara görə Tağıyevə təşəkkür edilib, həyat yoldaşı Sona xanım ikinci dərəcəli Şəfqət nişanı ilə təltif olunub. Bu dövrdə eyni mahiyyətli yardımı Musa Nağıyev də edib.

Tağıyevlə Bakıda görüşən bir türk xatirəsində Hacının ona evində saxladığı Osmanlı bayrağını göstərdiyini qeyd edib. Cənubi Qərbi Qafqaz hökumətində yer alan Fəxrəddin Ərdoğan isə xatirəsində daha maraqlı məlumat verib:
“Bakıda qaldığımız həftə Hacı Zeynalabdin Tağıyev Əfəndinin ziyarətinə getdim... Dostum İbrahim Əfəndi ilə Hacının əlini öpdük, yer göstərdi, əyləşdik. Kim olduğumuzu soruşdu, özümüzü təqdim etdik. Türk əsirləri olduğumuzu öyrənincə yerindən qalxdı, əlimizi sıxdı və gözlərimizdən öpdü. Hacı 50-60 yaşlarında Azərbaycan türklərindən dinc bir ixtiyardı. Çox xoşsöhbətdi. Türk ordularının Qafqaz və Bakıya gələcəklərinə inanmış olduğu üçün bizə yorulmadan çalışmağımızı tövsiyə edir, bütün sərvətini türklük və qurtuluş uğrunda sərf edəcəyini vəd edirdi. Müharibənin ikinci ilində Hacı mühüm bir xəstəlik keçirdi. Bütün Türküstan qəzetləri onun səhhəti ilə maraqlanır, gündə iki dəfə səhhətinə dair xəbər yazırdılar. Bir gün Hacının son günlərini yaşadığını və cəmiyyət adamlarını başına yığıb vəsiyyətini edəcəyini xəbər verdilər. Bakı əhalisi evinin ətrafını sarmışdı və Hacı belə vəsiyyət edirdi: “Camaat, mən bu gün öləcəyəm, türklər mütləq Bakıya gələcəkdir, gələn ordunun komandanına mənim vəsiyyətimi söyləyin, ordunu çəkərək önündə heyətiylə mənim məzarımı çeynəyib keçsinlər, ruhum ancaq o zaman şad olar. Şəhərin ən yüksək yerində olan 800 otaqlı, 8 milyon qızıl rubla tikilən bu binanı Ənvər Paşaya bağışladım, qərargahını bu binaya qursun””.
Ən maraqlı məqamlardan birini isə azərbaycanlı mühacir Çingiz Göygöl yazıb. O, Tağıyev haqqında yazdığı məqaləsində türk diplomatlarından Mühiddin Ərdoğanın ölümündən iki ay əvvəl Hacını evində ziyarət etdiyi zaman onun Ziya Gökalpın bu misrasını oxuduğunu deyib:
“Rusiya dağılıb viran olacaq
Türkiyə böyüyüb Turan olacaq”.
Malı-mülkü, nüfuzu əlindən alınmış Hacının bu misranı ürəklə oxuması təbii idi.
Mehralı bəy – Rus-türk müharibəsindəki şücaətinə görə
Məcidiyyə nişanına layiq görülən tanınmış şəxsiyyətlərimizdən biri də Mehralı bəydir.
Təxminən 1844-cü ildə Borçalı mahalının Darvaz kəndində anadan olan Mehralı bəyin ilkin fəaliyyəti çar Rusiyasının Qafqazdakı idarəçilik sisteminə qarşı məhəlli narazılıqlar zəminində formalaşıb. Rus administrasiyasının yerli nümayəndələri ilə baş verən silahlı toqquşmalardan sonra mühakimədən yayınmaq üçün dağlara çəkilib, ətrafına topladığı silahlı kütlə ilə Cənubi Qafqazın müxtəlif quberniyalarında çar hakimiyyət orqanlarına qarşı partizan müharibəsi aparıb. Onun bu ilkin dövr fəaliyyəti rus sənədlərində asayişin pozulması kimi qeyd edilsə də, etnik və regional dəstək mexanizmləri sayəsində uzun müddət öz hərbi varlığını qoruya bilib.
.jpg)
Mehralı bəyin hərbi karyerasında əsas dönüş nöqtəsi 1877–1878-ci illər Osmanlı-Rusiya müharibəsi (tarixdə 93 hərbi) olub. Müharibənin başlaması ilə bərabər çar təqiblərindən yayınmaq və Osmanlı ordusuna dəstək vermək məqsədilə öz dəstəsi ilə cəhbə xəttini keçib. Şərq (Qars) cəbhəsinin komandanı Qazi Əhməd Muxtar Paşanın tabeliyində fəaliyyət göstərən Mehralı bəy yerli coğrafiyaya bələd olan Borçalı süvarilərindən ibarət “Könüllü Qafqaz Süvari Alayı”nı təşkil edib. Qars, Ərdahan və digər döyüşlərdə rus ordusuna qəfil zərbələr vurub. Göstərdiyi bu mühüm xidmətlərə və cəbhədəki hərbi uğurlarına görə Osmanlı hərbi iyerarxiyasında rəsmi olaraq miralay (polkovnik) rütbəsinə layiq görülüb. Eyni zamanda cəbhədə göstərdiyi müstəsna şücaət və fədakarlığa görə II Əbdülhəmid tərəfindən Məcidiyyə nişanı və müxtəlif dövlət mükafatları ilə təltif edilib. Berlin müqaviləsinin (1878) şərtlərinə görə Qars Rusiya imperiyasına güzəştə gedildikdən sonra Mehralı bəyin hüquqi müstəvidə qorunması Osmanlı diplomatiyasının əsas mövzularından birinə çevrilib. Mehralı bəy və onunla bərabər hicrət edən qaçqınlar mərkəzi Anadoluda, Sivasın Ulaş və Kangal bölgələrində yerləşdirilib. Burada onun rəhbərliyi ilə yeni miqrant kəndləri salınıb, bölgənin demoqrafik və hərbi strukturunda müəyyən dəyişikliklər baş verib.
Akademik araşdırmalarda və arxiv sənədlərində Mehralı bəyin ömrünün son dövrü və vəfat yeri ilə bağlı iki əsas elmi fərziyyə mövcuddur. Birinci fərziyyəyə görə, o, Sivas bölgəsində məskunlaşdıqdan sonra buradakı yerli asayiş problemlərinin həllində iştirak edib, mühacirət həyatının gətirdiyi sosial çətinliklər və xəstəliklər fonunda XX əsrin əvvəllərində (1906-cı il həndəvərində) elə Sivasda vəfat edib. İkinci və türk hərbi tarixşünaslığında mühüm yer tutan digər fərziyyə isə onun Yəmən üsyanları dövründəki fəaliyyəti ilə bağlıdır. Sənədlərə əsasən II Əbdülhəmid dövründə Yəməndə mərkəzi hakimiyyətə qarşı baş qaldıran üsyanları yatırmaq məqsədilə bölgəyə göndərilən köməkçi hərbi qüvvələrin tərkibində Mehralı bəyin Sivasda təşkil etdiyi süvari taboru da yer alıb. Çətin iqlim şəraiti və coğrafi amillər fonunda Yəmən cəbhəsində asayişin bərpası əməliyyatlarında iştirak edən Mehralı bəyin elə bu səfər zamanı, təxminən 1905–1906-cı illərdə Yəməndə (bəzi qaynaqlarda Sana və ya Taiz bölgəsində) xəstəlik (vəba və ya tropik qızdırma) nəticəsində vəfat etdiyi və orada dəfn olunduğu qeyd edilib.
Məcidiyyə nişanına layiq görülən başqa azərbaycanlılar haqqında da məlumat verəcəyik.