AZ

Tahir Rzayev: Kənd təsərrüfatı strateji və milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyəti daşıyır

Kənd təsərrüfatı bu gün strateji və milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyəti daşıyır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Tahir Rzayev qeyd edib ki, kənd təsərrüfatının inkişafı yalnız istehsal prosesi ilə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi inkişafın geniş spektrini əhatə edir: “Kənd təsərrüfatının inkişafı iş yerlərinin yaradılması, kənd əhalisinin məskunlaşması, kəndlərin abadlaşdırılması və sosial rifahın yüksəldilməsi,ərzaq təhlükəsizliyinin təmin olunması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir. Son illərdə həyata keçirilən dörd dövlət proqramı kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları nəticəsində infrastruktur yenidən qurulub. Artıq regionlarda işıq, yol, su və qaz problemləri həllini tapıb, demək olar ki, əsas infrastruktur məsələləri aradan qaldırılıb. Bu isə kənd təsərrüfatı və sahibkarlığın inkişafına geniş imkanlar yaradıb”.

Prezidentin müəyyən etdiyi yol xəritəsi mühüm əhəmiyyət daşıyır

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı müşavirədəki çıxışını yüksək qiymətləndirib: “Prezidentin çıxışı aqrar sektorun inkişafı üçün aydın yol xəritəsi müəyyən edir. Son illərdə görülən işlər müəyyən uğurlar gətirsə də, bu sahədə hədəflər daha genişdir. Kənd təsərrüfatının inkişafı kompleks yanaşma tələb edir. Burada əsas məqsəd yalnız məhsul istehsalı deyil. Kənd həyatının keyfiyyətinin yüksəldilməsi, şəhərdən kəndə axının stimullaşdırılması və müasir kənd təsərrüfatı modelinin formalaşdırılması vacibdir”.

Ərzaq buğdası və məhsuldarlıq prioritet olaraq qalır

Tahir Rzayev ölkənin ərzaq buğdası ilə təminatında mövcud vəziyyətə də toxunub:

“Bu gün ölkə öz ərzaqlıq buğda tələbatının təxminən 55 faizini yerli istehsal hesabına qarşılayır. Bu göstəricinin artırılması üçün məhsuldarlığın yüksəldilməsi əsas prioritet olmalıdır. O cümlədənson illərdə pambıqçılıqda ciddi artım müşahidə olunur. Ötən il ölkədə 360 min tondan çox pambıq istehsal olunub. Bu, sahənin inkişaf etdiyini göstərir, lakin məhsuldarlığın daha da artırılması vacibdir”.

Su resursları və müasir texnologiya amili

Onun sözlərinə görə, kənd təsərrüfatının gələcək inkişafı su ehtiyatlarından səmərəli istifadə və müasir texnologiyaların tətbiqindən asılıdır:

“Prezident bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə yeni su anbarları istifadəyə verilir və su ehtiyaclarının ödənilməsi istiqamətində işlər görülür. Lakin texnoloji proseslərin kənd təsərrüfatına tətbiqi ilə sudan daha səmərəli istifadə etmək və yüksək məhsul əldə etmək mümkündür. Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələr ölkədə kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu, həm məşğulluğun artırılması, həm əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması, həm də ixrac potensialının yüksəldilməsi və ölkəyə əlavə gəlir gətirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Su anbarlarının yaradılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və torpaqlardan düzgün istifadə xüsusi diqqət mərkəzində olmalıdır. Eyni zamanda innovativ texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasına şərait yaradır. Dövlət tərəfindən hazırlanmış proqramlar kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməyə yönəlib. Əsas məqsəd rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılması, ixrac potensialının artırılması və ölkənin ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır”.

Seçilən
38
1
apa.az

2Mənbələr