ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Vatikanın rəhbəri Papa XIV Leo İsrail blokadası altındakı Qəzzaya hələ də humanitar yardımın çatdırıla bilmədiyini və oradakı insanların böyük əziyyət çəkdiyini vurğulayayıb.
O, Qəzza xalqına təcili yardım göstərilməsi barədə çağırış edib.
"Cebheinfo.az" xəbər verir ki, həftəlik istirahəti üçün çərşənbə axşamı günləri Romanın yaxınlığındakı Kastel Qandolfo qəsəbəsindəki iqamətgahına yollanan Papa oradan ayrılarkən jurnalistlərə beynəlxalq məsələlərlə bağlı qiymətləndirmələrini bölüşüb.
Süni intellekt və inkişaf edən texnologiyalar qarşısında insanın qorunmasına dair prinsipləri ehtiva edən və Katolik Kilsəsinin bu sahədəki yanaşmasını ortaya qoyan "Magnifica Humanitas" (Möhtəşəm İnsanlıq) adlı papalıq rəsmi bəyanatını dünən ictimaiyyətə elan edən Papa XIV Leo bu mövzu üzərində "Anthropic" şirkəti ilə bu gün də birgə fəaliyyət göstərdiklərini bildirib:
"Bu məsələdə dialoqun davamı həqiqətən də silahsızlaşdırılmış süni intellekt axtarışında olmaq deməkdir. Çünki bu gün süni intellekt vasitəsilə müharibə aparılır. Bu gün Livanda bunun başqa nümunələrini də gördük. İnsan həyatına məhəl qoyulmadan müharibə idarə olunur".
İsrail ordusunun mayın 18-19-da Aralıq dənizinin beynəlxalq sularında hücum edərək saxladığı "Qlobal Sumud Donanması" fəallarına qarşı göstərilən pis rəftarla bağlı suala cavab verən Papa "Orada hər kəsin insan hüquqlarına hörmət edilməsi üçün yenidən çağırış etməliyik", - deyib.
Papa XIV Leo İsrail blokadası altında olan Qəzzadakı ağır vəziyyətə də diqqət çəkərək belə davam edib:
"Təəssüf ki, Qəzza xalqı hələ də humanitar yardım ala bilmir. Bu, etirazlara, çətinliklərə, hətta donanmada iştirak edənlərin aksiyalarına səbəb olur.
Bunu yenidən təkrar etmək istəyirəm, bu bir dəvət deyil, açıq bir çağırışdır. Bütün rəsmi şəxsləri Qəzza xalqına kömək etməyə, yardımlarla onlara dəstək olmağa və yenidənqurma işlərinə başlamağa çağırıram. İnsanlar həqiqətən də hələ də acı çəkirlər".
Papa nifrət və zorakılığın hər yerdə ağır və pis nəticələrə yol açdığını da sözlərinə əlavə edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.