Bu gün Bakı özünün ən böyük şəhərsalma xəyalını gerçəkləşdirir - dünənin sənaye tozunu üzərindən atıb sabahın ekofuturist dünyasına qədəm qoyur. Paytaxtın mərkəzində, bir zamanlar neft quyularının qaraltdığı torpaqlarda indi bəyaz rəngli, fransız üslublu möhtəşəm bir renesans - Bakı Ağ Şəhər salınıb. Abşeronun mavi sahillərində isə insanla təbiətin harmoniyasını yaradan, tamamilə fərqli bir sivilizasiya - Sea Breeze lövbər atıb. Biri keçmişin yaralarını sağaldan ekoloji möcüzə, digəri isə gələcəyin yaşayış standartlarını diktə edən müasir layihələrdir.
Bu iki ən iddialı meqalayihə bizə sadəcə yeni beton binalar və yollar təklif etmir, onlar bizim "şəhər" anlayışımızı, ekoloji təfəkkürümüzü və həyat fəlsəfəmizi kökündən dəyişir. Və Azərbaycanın urbanistik vizyonunun, iqtisadi inkişaf strategiyasının və beynəlxalq imicinin mühüm hissəsinə çevrilir.
Qara neftdən "yaşıl şəhərə"
Bakı Ağ Şəhər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının" təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində ölkədə həyata keçirilən irimiqyaslı şəhərsalma layihələrindən biridir.
Qeyd edək ki, ilk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi Qara Şəhər XIX əsrin sonunda Bakının şərqində yaranmışdır. Sonradan bu ərazi "qara qızıl"ın emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyət göstərən müəssisələrə evsahibliyi etmişdir. Bu gün bir əsr "Qara şəhər" kimi tanınan bu sənaye zonası tamamilə yeni simaya qovuşur.
Ağ Şəhər layihəsi Bakının ən böyük urban transformasiya proqramlarından biridir. Layihənin əsas məqsədi ekoloji baxımdan çirklənmiş neft sənayesi ərazisini müasir yaşayış və biznes mərkəzinə çevirməkdir. Layihə 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (Qara Şəhərin) bərpa və inkişafını, həmçinin Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur ki, bu da investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Bakı Ağ Şəhər layihəsinin baş planı 10 universal şəhər tipli rayonun yaradılmasını nəzərdə tutur. Bu rayonlardan hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait mövcud olacaqdır. Mütəxəssislərin fikrincə, Ağ Şəhərin əsas üstünlüyü plansız tikintilərin qarşısının alınmasıdır. Layihədə küçələrin eni, piyada zonaları, yaşıllıq sahələri və nəqliyyat sistemi əvvəlcədən planlaşdırılıb. Bu isə paytaxtın bir çox hissəsində müşahidə olunan xaotik urbanizmdən fərqli model təqdim edir.
Ağ Şəhər eyni zamanda "15 dəqiqəlik şəhər" konsepsiyasına yaxınlaşmağa çalışan layihə kimi qiymətləndirilir. Yəni sakinlər gündəlik ehtiyaclarını avtomobilsiz, piyada qarşılaya bilirlər. Qeyd edək ki, layihənin baş məsləhətçisi qismində mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti "Atkins" (Böyük Britaniya) çıxış etmişdir. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur "Fosters + Partners" memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində ABŞ-nin böyük təcrübəyə malik olan tanınmış "F+A Architects" arxitektura bürosu cəlb edilmişdir. Ağ Şəhərin üstünlüklərindən biri planlı şəkildə tikilməsidir. Küçələr, yaşıllıq sahələri və nəqliyyat sistemi əvvəlcədən düşünülərək hazırlanıb. Bu isə şəhərdə daha rahat və təhlükəsiz həyat yaradır.
Bakı Ağ Şəhər layihəsinin təməlqoyma mərasimi 24 dekabr 2011-ci ildə baş tutmuşdur. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. 2016-cı ildə - layihənin təməlinin qoyulmasının 5-ci ildönümündə ilk yaşayış məhəlləsi "Yaşıl Ada"nın açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tədbirdə də iştirak etdilər. Mərasimdə həmçinin yeni Fəvvarələr Meydanı məhəlləsində parkın təməli qoyuldu.
İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı paytaxtın müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır.
Xəzər sahilində "dəniz mehi"
Xəzər dənizinin sahillərində Azərbaycanın memarlıq və şəhərsalma tarixinə düşəcək nəhəng bir layihə sürətlə böyüyür. İş adamı Emin Ağalarovun rəhbərliyi ilə icra olunan "Sea Breeze" layihəsi, adi yay kurortu statusunu geridə qoyaraq rəsmi olaraq "gələcəyin yaşıl şəhəri" statusunu qazanıb. Bu gün şəhərsalma və ekoloji innovasiyaları özündə birləşdirən kompleks təkcə ölkə daxilində deyil, regional miqyasda aparıcı yaşayış və turizm mərkəzinə çevrilməkdədir. "Sea Breeze" ilin bütün fəsillərində fasiləsiz fəaliyyət göstərən tamfunksional şəhər modelidir.
Hazırda ərazidə ümumi sahəsi 3,5 milyon kvadratmetrdən çox olan müasir yaşayış və qeyri-yaşayış obyektləri ucalır. "Sea Breeze"in böyümə tempi isə heyranedicidir: rəsmi master-plana əsasən, 2028-cı ilə qədər əraziyə daha 700 müasir bina əlavə ediləcək və bu, on minlərlə yeni sakinin ərazidə məskunlaşması deməkdir. Veb-saytın rəsmi inkişaf dinamikasına əsasən, şəhərcik 2026-cı ildə 750 hektar aktiv əraziyə və 50 min rezidentə malikdir. 2030-cu ilə qədər layihələrin sayının 750-yə, ümumi sahənin 1750 hektara, sakinlərin sayının isə 500 min nəfərə çatdırılması hədəflənir. Həmçinin bu il təkcə ərazinin yaşıllaşdırılmasına 50 milyon dollardan çox əlavə investisiya yatırılır.
Layihənin ən çox diqqət çəkən və qlobal reytinqlərdə iddialı olan hissəsi dənizin içində salınan 50 hektarlıq süni adadır. Aypara formasında layihələndirilən bu unikal adanın mərkəzində "Caspian Dream Liner" ucalacaq. 11 mərtəbəli nəhəng gəmi formasında tikilən bu apart-hotel və ticarət kompleksi memarlıq dünyasında yeni bir səhifə açır. Süni adada həmçinin dünyaşöhrətli hotel brendləri, yaxtalar üçün müasir marinalar və eyni zamanda 40 mindən çox tamaşaçını qəbul edə biləcək dünya səviyyəli nəhəng konsert meydançası inşa edilir.
"Sea Breeze" təkcə innovativ infrastrukturu ilə deyil, həm də regional miqyaslı mədəniyyət ocağı kimi diqqət çəkir. Şəhərcik hər yay qlobal musiqi xəritəsinin mərkəzinə çevrilərək dünyaşöhrətli ifaçıları bir araya gətirir. Bu istiqamətdə layihənin flaqmanı hesab olunan "Dream Fest" Beynəlxalq Musiqi Festivalı Avropa, Amerika, MDB və Türkiyədən onlarla məşhur sənətçini Xəzər sahilində qəbul edir. Minlərlə xarici turistin məhz bu musiqi bayramı üçün Bakıya axın etməsi, şəhərciyin beynəlxalq "lifestyle" (həyat tərzi) brendinə çevrildiyini sübut edir. Açıq səmada baş tutan möhtəşəm şoular, qırmızı xalı keçidləri və genişmiqyaslı konsert proqramları "Sea Breeze"in mədəniyyət paytaxtı statusunu daha da möhkəmləndirir. Gənc nəslin inkişafı üçün şəhərcikdə dünya standartlarına cavab verən təhsil müəssisələri fəaliyyət göstərir. Burada təməli qoyulmuş məşhur "LANDAU School" və innovativ "SABAH.school" kompleksləri gənclərə ingilis dilində, Britaniya kurrikulumu əsasında (Cambridge və Edexcel proqramları) yüksəksəviyyəli təhsil təklif edir. Hazırda kompleksdə 6 min 500-dən çox şəxs işlə təmin olunub. Layihə genişləndikcə, bu rəqəmin daha da artacağı gözlənilir. Layihəyə yatırılan ümumi investisiya artıq 3 milyard ABŞ dollarına çatıb.
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhərsalma sahəsində də ardıcıl, məqsədyönlü və sistemli tədbirlər reallaşdırılır. Hazırda yeni yaradılan şəhərlərdə inkişafın, tərəqqinin nəfəsi duyulur. Bu reallıq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində Prezident İlham Əliyevin çıxışında da xüsusi vurğulandı. Dövlət başçısı nitqində ölkədə şəhərsalma sahəsində görülən işlərin uğurlu nəticələrindən bəhs edərkən diqqəti xüsusi olaraq "Sea Breeze" istirahət məkanına yönəltdi. Bu isə belə bir layihənin artıq Azərbaycan sərhədlərini aşaraq beynəlxalq səviyyədə tanınan, müasir şəhərsalma modelinə çevrildiyini təsdiqləyən mühüm mesaj idi.
Xatırladaq ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının ən bariz nümunələrindən biri də COP29 kimi mühüm tədbirə evsahibliyi etməsi idi. O zaman "Sea Breeze" ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz "Park Residences 2" layihəsinin binalarında yerləşib. Bu isə layihənin yüksək xidmət standartlara malik olmasının göstəricisidir.
"Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov mediaya müsahibəsində WUF13 forumunun əhəmiyyətli beynəlxalq tədbir olduğunu xüsusi vurğulayıb. O, "Sea Breeze" layihəsinin ekoloji cəhətdən təmiz və rahat şəhərlərin necə yaradıldığına parlaq nümunə olduğunu bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində artıq bir neçə milyon kvadratmetr daşınmaz əmlak istifadəyə verilib, hazırda 4 milyon kvadratmetr ərazidə isə tikinti-abadlıq işləri görülür. Emin Ağalarov qeyd edib ki, aparıcı beynəlxalq memarlarla əməkdaşlıq genişləndirilir və əsas məqsəd sakinlər və qonaqlar üçün maksimum rahat mühit yaratmaqdır.
"Sea Breeze" layihəsinin uğuru digər ölkələri də maraqlandırır. Özbəkistan Nazirlər Kabinetinin qərarı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda Çarvak su anbarının sahilində "Sea Breeze Uzbekistan" adlı kurort kompleksi yaradılacaq. 577 hektar sahəni əhatə edəcək bu layihənin "Sea Breeze" Azərbaycan brendi əsasında reallaşdırılması nəzərdə tutulub.
"Sea Breeze"də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.
Həm Ağ Şəhər, həm də Sea Breeze layihələri ölkənin iqtisadi şaxələndirilməsi və turizm potensialının artırılmasında strateji rol oynayır. Bu innovativ şəhərlər xarici investorlar və turistlər üçün Bakını yeni cazibə mərkəzinə çevirir. Gələcəyin şəhərləri artıq xəyal deyil, Xəzərin sahilində addım-addım gerçəkləşən real bir gələcəkdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"