Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin daha etibarlı təminatı, gücləndirilməsi və neftdənkənar iqtisadiyyatın genişləndirilməsi istiqamətində yeni mərhələ başlayır. Dövlətin aqrar sahəyə son illər göstərdiyi xüsusi diqqət sayəsində bu istiqamətdə həyata keçirilən islahatlar bir qədər də təkmilləşdiriləcək. Bu məqsədlə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Beş il ərzində həyata keçirilməsi nəzərdə tutulan yeni dövlət proqramında kənd təsərrüfatının daha müasir və dayanıqlı inkişafı üçün bir sıra mühüm istiqamətlər müəyyənləşdirilib. Sənəddə aqrar sahənin su, torpaq və digər resurslarla təminatının yaxşılaşdırılması, bu resurslardan daha səmərəli istifadə olunması əsas hədəflərdən biri kimi göstərilir. Bununla yanaşı, aqrar təhsilin, elmin və innovativ texnologiyaların inkişafı, kənd təsərrüfatı məhsullarının emalı və logistika infrastrukturunun genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır. Proqramda fermer və sahibkarlar üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi də nəzərdə tutulur. Paralel olaraq, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, bu istiqamətdə istehsal imkanlarının və idarəetmə potensialının artırılması planlaşdırılır.
Sənəddə daha sonra kənd təsərrüfatında məhsuldarlığın və istehsal həcminin artırılması, ixrac imkanlarının genişlənməsi, eləcə də əlavə dəyər yaradan məhsulların istehsalı hədəflənir. Müasir texnologiyaların tətbiqi hesabına kənd yerlərində yeni iş yerlərinin yaradılması, əhalinin gəlir imkanlarının artırılması və ərzaq təhlükəsizliyinin daha çox möhkəmləndirilməsi əsas məqsədlərdən biri hesab olunur. Dövlət proqramı ümumilikdə aqrar sahənin daha innovativ və yüksək məhsuldarlığa əsaslanan inkişaf modelinə keçidini təmin etməyə yönəlib.
Dövlət başçısının imzaladığı sərəncam məhz yeni dövlət proqramının icrasını təmin etməyə və nəzərdə tutulan hədəflərin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirməyə xidmət edir. Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycan ənənəvi təsərrüfat modelindən yüksək əlavə dəyər yaradan intensiv və texnologiya əsaslı kənd təsərrüfatına keçidi sürətləndirməlidir. Bu, daha məhsuldar əkinçilik, müasir heyvandarlıq kompleksləri, rəqəmsal idarəetmə sistemləri və innovativ aqrotexnologiyaların tətbiqi deməkdir. Proqram aqrar sektorda məhsuldarlığın artırılması ilə yanaşı, emal sənayesinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirir. Çünki müasir dövrdə yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu emal edib yüksək iqtisadi dəyərə çevirmək də strateji əhəmiyyət daşıyır.
Sərəncamda buğda, pambıq və heyvandarlıq sahələrinin inkişafına xüsusi diqqət ayrılması heç də təsadüfi deyil. Qlobal ərzaq bazarlarında müşahidə olunan dalğalanmalar, iqlim dəyişmələri və geosiyasi risklər fonunda ərzaq təhlükəsizliyi artıq bütün dövlətlər üçün prioritet məsələdir. Bu kontekstdə Azərbaycan da daxili istehsal imkanlarını genişləndirməklə idxaldan asılılığı azaltmağa və strateji məhsullar üzrə özünü təminetmə səviyyəsini yüksəltməyə çalışır.
Proqramın diqqət çəkən istiqamətlərindən biri də balıqçılıq və akvakulturanın inkişafıdır. Məlumat üçün bildirək ki, akvakultura su hövzələrində balıq, molyusk, xərçəngkimilər və suda yaşayan digər canlıların, eləcə də bəzi su bitkilərinin süni şəkildə yetişdirilməsi və artırılmasıdır. Son illər dünyada süni balıq yetişdirilməsi və su təsərrüfatları ərzaq təminatının vacib hissəsinə çevrilib. Azərbaycan da Xəzər dənizi və daxili su hövzələrinin potensialından daha səmərəli istifadə etməklə balıqçılıq və akvakultura sahəsini inkişaf etdirməyi qarşıya məqsəd qoyub. Bu sahənin inkişafı həm daxili bazarın tələbatının ödənilməsi, həm də ixrac imkanlarının artırılması baxımından mühüm hesab olunur.
Sənəddə fermerlər və sahibkarlar üçün nəzərdə tutulan maliyyə mexanizmləri də mühüm yer tutur. Kredit faizlərinin subsidiyalaşdırılması, investisiya layihələrinə dövlət dəstəyi və müasir texnologiyalar tətbiq edən təsərrüfatların təşviqi aqrar sahəyə investisiya marağını artırmağa hesablanıb. Bu yanaşma regionlarda yeni iş yerlərinin açılması və kənd yerlərində iqtisadi fəallığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Eyni zamanda heyvandarlıq təsərrüfatlarında heyvanların identifikasiyası, yəni heyvanların hər birinin ayrıca tanınması, qeydiyyata alınması və izlənməsi kimi məlumatların elektron sistemlərə inteqrasiyası qida təhlükəsizliyi və şəffaf nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. Bu, həm xəstəliklərə qarşı mübarizədə, həm də istehlakçılara daha təhlükəsiz məhsul çatdırılmasında vacib rol oynayacaq.
Ümumilikdə yeni dövlət proqramı Azərbaycanda aqrar sektorun modernləşdirilməsi, regionların inkişafı və dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün uzunmüddətli yol xəritəsi hesab oluna bilər. Sənəd kənd təsərrüfatının yalnız ənənəvi sahə deyil, həm də strateji iqtisadi güc mənbəyi kimi formalaşdırılması istiqamətində dövlətin hədəflərini aydın şəkildə ortaya qoyur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"