AZ

Brüssel qərəzli addımları ilə tərəfdaşlarını itirir

Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əməkdaşlığı dayandırmaq və Avronest Parlament Assambleyasından çıxmaq proseduruna başlamaq barədə qərarı Avropanın sağlam düşüncəli və prinsipial siyasətçiləri üçün gözlənilməz bir hadisə oldu. Bu addım regional reallıqları düzgün qiymətləndirən avropalı deputatlar arasında ciddi müzakirələrə yol açıb. 

Milli Məclisin bu kəskin qərarı Avropa Parlamentinin uzun illər boyu Azərbaycana qarşı  mütəmadi olaraq nümayiş etdirdiyi qərəzli və düşmən mövqeyinə  mütənasib bir cavabdır. AP-nin bu ilin aprelin 30-da qəbul etdiyi "Ermənistanda demokratik dayanıqlılığın dəstəklənməsi" (Supporting democratic resilience in Armenia) adlı anti-Azərbaycan ruhlu qətnaməsi isə Bakının strateji təmkininin son həddi oldu.

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyev Avropa İttifaqının bəzi strukturlarının Azərbaycana qarşı əsassız ittihamlarını dəfələrlə ifşa edib. Dövlətimizin başçısı Avropa Siyasi Birliyinin son sammitindəki video-çıxışında açıq şəkildə bildirib ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Bakı ilə İrəvan arasında sülh prosesini açıq-aşkar sabotaj edir. "Avropa Parlamentinin destruktiv fəaliyyəti elə qurumun öz daxilində də ciddi etirazla qarşılanıb. Mayın 21-də keçirilən plenar iclasın sonunda bir qrup avropalı deputatın qurumun rəhbərliyini kəskin tənqid etməsi bunun bariz sübutudur. Avropa Parlamentinin Avronest Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Sergey Lagodinski Bakını bu qərara yenidən baxmağa çağıraraq Azərbaycanın "Şərq tərəfdaşlığı" çərçivəsində regional dialoqun əvəzolunmaz tərkib hissəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Qara dəniz strategiyası, nəqliyyat dəhlizləri, energetika, rəqəmsal infrastruktur və regional inteqrasiya layihələrinin müzakirəsi Azərbaycansız qeyri-mümkündür. Bu bəyanat ölkəmizin Avropa üçün həyati əhəmiyyət kəsb edən sahələrdə strateji tərəfdaş kimi dəyərini növbəti dəfə təsdiqlədi", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Avropa Mühafizəkarları və İslahatçıları Qrupunun üzvü Kristian Terheşin çıxışı isə Avropa İttifaqının strukturları üçün faktiki olaraq bir ittihamnamə idi. Terheş Bakının qərarının Brüssel üçün "həyəcan təbili" olduğunu bildirərək, Avropa Parlamentini aprel qətnaməsindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etməkdə günahlandırdı. Xüsusilə, Azərbaycan və Ermənistanın sülh müqaviləsinə yaxın olduğu bir vaxtda Avropa Parlamentinin bu addımını uzaqgörməzlik adlandıran deputat, Avropa siyasətinin ümumi üslubunu sərt tənqid etdi: "Daimi mənəviyyat dərsi keçmək və ideoloji ittihamlara aludə olmaq xarici siyasət deyil. Bu, siyasi qeyri-yetkinlik və geosiyasi intihardır". Bu bəyanat Avropa İttifaqının dərin institusional və ideoloji böhran içində olduğunu və onun müstəqil geosiyasi oyunçu statusunu itirdiyini göstərir. Terheş, həmçinin xatırlatdı ki, Avropa məhz Azərbaycan qazı sayəsində Rusiyadan asılılığını azalda bilib. Bakı "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya ixracı ilkin 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırıb və bu artım dinamikası davam edir.

K.Bayramov xatırladıb ki, "Avropa Naminə Patriotlar" qrupunun üzvü Anjelin Füre öz çıxışında Bakı ilə münasibətlərdəki böhranı Avropanın regional strategiyasının tam iflası kimi xarakterizə edib: ""Azərbaycanın Avronest-i tərk etməsi sadəcə prosedur addımı deyil, strateji cəzadır. Biz sizin daxili işlərə müdaxilənizin və Ermənistana birtərəfli yanaşmanızın bədəlini ödəyirik". Fürenin bu fikirləri tarixi həqiqətlərə əsaslanır: Avropa İttifaqı onilliklər ərzində Ermənistanın işğalçılıq siyasətinə, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının tapdanmasına göz yumdu. Lakin 2020-ci ilin payızında Azərbaycan beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində öz torpaqlarını azad etdikdən sonra Avropa siyasi məkanında ölkəmizə qarşı qərəzli kampaniya başlandı. Deputat, həmçinin mühüm bir geosiyasi məqama - Cənubi Qafqazda ABŞ-nin siyasətinə toxundu. O qeyd etdi ki, AP kağız üzərində bəyanatlarla məşğul olarkən, region Avropasız yenidən formalaşır. ABŞ administrasiyası Bakı və İrəvanın maraqlarını uzlaşdıraraq iqtisadi əhəmiyyətli TRIPP marşrutu yaradıb. Bu isə o deməkdir ki, Avropa Cənubi Qafqazdakı strateji proseslərdən təcrid olunub. Təsadüfi deyil ki, hazırda Brüssel bu layihəyə qoşulmaq üçün ABŞ və Ermənistanla intensiv danışıqlar aparır".

K.Bayramov bildirib ki, deputatlar Tyeri Mariani və Tomas Frelix də eyni mövqedən çıxış edərək Avropa Parlamentinin destruktiv qətnamələri ilə alova yağ tökdüyünü deyiblər. Onların fikrincə, Bakı konstruktiv əməkdaşlığa hazır olsa da, öz legitim təhlükəsizlik qayğıları ucbatından qapıları bağlamaq məcburiyyətində qalıb. Əlbəttə ki, sağlam düşüncəli deputatların arqumentləri qarşısında ermənipərəst lobbi fəaliyyətini dayandırmadı. Deputat Pat Klausen və Avronest-in üzvü Günter Zidl kimi şəxslər Azərbaycanın qərarını "tənqidi qəbul etməmək" kimi qələmə verməyə çalışdılar, hətta Qarabağ ermənilərinin "mədəni hüquqları" mövzusunu manipulyasiya etdilər. Lakin anti-Azərbaycan isteriyası ilə zəhərlənmiş Avropa Parlamentinin divarları arasında bu cür çıxışlar təəccüb doğurmur və sadəcə müəyyən korrupsioner qrupların sifarişini yerinə yetirdiklərini göstərir.

Deputat vurğulayıb ki, beləliklə, Avropa Parlamentində baş verən bu gərgin polemika mühüm bir reallığı üzə çıxarıb: erməni lobbisinin maliyyə imkanlarına baxmayaraq, bu qurumda artıq təkzibolunmaz arqumentlərə əsaslanan və korrupsiyaya son qoymağı tələb edən səslər getdikcə ucalır. Sağlam düşüncəli avropalı siyasətçilər yaxşı anlayırlar ki, Brüssel öz qərəzli addımları ilə bütün strateji tərəfdaşlarını itirmək astanasındadır və bu siyahıda Azərbaycan ilk yerdə dayanır.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
46
azerbaijan-news.az

1Mənbələr